Nərgiztəpə
mədəni irsimizin abidəsidir
Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun
dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı
bu yay Xocavənd rayonu ərazisindəki Nərgiztəpə
abidələr kompleksində arxeoloji
araşdırmaları davam etdirib.
Arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev bildirib ki, Nərgiztəpənin cənub-şərq ətəyində çox iri, yonulmamış qaya parçalarından bir cərgə düzülməklə inşa edilən və uzunluğu 60 metrə çatan divar qalıqları diqqəti cəlb edir. Divardan şərqdə - bayır tərəfdə qədim xəndəyin qalıqları var. Cənubda isə bu divar torpaq səddə söykənir. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilməyib. Bu xüsusiyyətlərinə görə, divar qalığı Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxildir. Azərbaycanın qərb bölgələrində, xüsusilə Daşkəsən və Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasının ərazisində, indiki Ermənistan respublikasında - Göyçə gölü ətrafında da belə tikililər çoxdur.
Ərazidə erkən orta əsrlərə aid qab qırıqlarına, saxsı
parçasından düzəldilmiş təkərciyə, daşdan əmək alətlərinə rast gəlinməsi göstərir ki, Nərgiztəpə yaşayış məskəninə
məxsus antik dövr
nekropolu üzərində sonralar
yeni məskən salınıb.
T.Əliyev deyir ki, burada qədim Azərbaycan dövləti olan Qafqaz
Albaniyasının həm antik, həm də
erkən orta əsrlər tarixini
bütün çalarları ilə izləmək
olar. Rəvayətə görə,
“Kitabi-Dədə Qorqud” dastanlarında təsvir
olunan hadisələrin bir
çoxu, xüsusilə Qaraca
Çobanla bağlı əhvalatlar bu ərazilərdə baş
verib. Burada addımbaşı rast gəlinən
iri yumru daşlar isə Qaraca
Çobanın “sapand
daşları”dır. Ümumiyyətlə, Nərgiztəpə
ətrafındakı toponimlər bu ərazinin
qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiqləyir.
Ərazidəki tarixi, arxeoloji,
memarlıq abidələrinin, “Kitabi-Dədə Qorqud”la səsləşən
toponimlərin elmi əhəmiyyəti burada intensiv tədqiqatların
aparılmasının, arxeoparkın yaradılmasının, turizm obyektlərinin açılması istiqamətində
kompleks tədbirlərin görülməsini
zəruri edir.
Mədəniyyət.- 2015.- 4
sentyabr.- S. 12.