Siyavuş Aslan
Səhnədə bənzərsiz komik aləm, həyatda dramatik “ələm”...
Bu qarşılığın biri hamının - səhnə, kino-teleekran milyonlarının gözləri
qarşısında baş verib, o biri
isə eyzən “gizlində”, “daldada” olub.
Bu böyük aktyorun
teatr aləminə ilk
qədəmi, zirvələrə qalxımı, sənət-həyat
tandeminə baxımı ilə ilgili də
“məxfi” - oynadığı səhnələrin sərhədlərindən,
yaşadığı evlərin kandarlarından bu yanakılara bəlli olmayan
nüanslar az deyil...
Hamıya bəllidir ki, ömürsonları Azdramaya keçsə də, bu aktyorun əsas yaradıcılıq həyatı Musiqili Komediya Teatrı və böyük ekranla bağlı olub. Bəs, Allahın doğal vergi, teatral talant “məktəbinin” sırf komik sinfindən çıxmış bu korifeyin sir-sifətindəki tragik cizgilər nəymiş, görəsən? Özünü elə ilk, seyrçi baxışlardan büruzə verən bu nüans, təəssüf ki, axıradək nə sonrakı sınayıcı nəzərlərə əl verdi, nə dostyana söhbətlərə, nə irili-xırdalı müsahibələrə. Amma onun gecikmiş tələbəlik illərinə şahid, tezikmiş səhnə-sənət aləminə yaxından bələd həmkarlarının söhbətləri bəzi məqamlara cüzi aydınlıq gətirmədə. Məsələn, tanınmış aktyor, rejissor və ssenarist Əbdül Mahmudov: “Siyavuş Aslan Teatr İnstitutunu simvolik mənada oxuyurdu; o, buradək artıq çox tanınmış bir aktyor idi, hazır aktyor kimi gəlmişdi. Bilirsiz, bu tip insanlar - Ü.Rəcəb, A.M.Şərifzadə, S.Ruhulladan üzü bəri - Allah vergisi olan insanlardır. Belələri - heç bir ali təhsil almadan, özləri böyük məktəb, mədəniyyət yaradırlar. Siyavuş da bu qisim aktyorlardan idi. O, çox yüksək intellekt aktyoru olmasa da, çağlar təbii istedadlı ilə özünəməxsus dəst-xəttini yaratmışdı. Uzun illər “Muskomediya”da çalışdıqdan sonra Akademik Teatra gələn Siyavuşun burada ikinci nəfəsi, daha ciddi istedadı ortaya çıxdı. Lakin məlum və məşhur “Siyavuşluq” hələ də qalırdı; o, teatr mühitinə komediya ilə gəlmişdi deyə, rejissorlar öz işlərini ağırlaşdırmaq istəmir, ona hazır kompleks-komediya kimi baxırdılar. Bu stereotipin qırılması çox çəkdi. Amma rejissorlar onun keyfiyyətlərindən istifadə edib özləri üçün gözəl tamaşalar hazırladılar, əla filmlər çəkdilər.
Siyavuş dünyası haqda daha nə? Məsələn, H.Məmmədov, Ş.Ələkbərov və söhbətimizin qəhrəmanı Siyavuş Aslan çəkiliş meydançalarının ən uzunmüddətli “sakinləri” olardılar; kinodur də, hər dəyqə rejissorun ağlına bir fantaziya gəlir. Deyirdilər ki, Siyavuş müəllim, siz artıq çəkilmişsiz, boşsunuz, gedin istirahət edin. Deyirdi, “hara gedirəm, oturmuşam da. Birdən ağlıvıza bir şey gəldi, məni hardan tapacaqsız?”
Ləzzətli danışıq tərzi, şirindən şirin diksiyası, bənzərsiz replikaları vardı rəhmətliyin...”
Əbdül müəllimin bu xiffət notlu son kəlməsindən sonra rəhmətliyin “Əhməd haradadır?” filmindəki “Qoy yataq dəə!” replikasını xatırladım və ondan belə bir yarımbaşlıq doğuldu:
Qoy yazaq dəə!..
Hə, o filmdə “Saqqal Ramiz” - Siyavuş Aslan - çoxdanışan “Uzundraz Oqtay”a “Qoy yataq dəə!” deyir, mənsə bu yazıda öz çoxcəhətlilik və çoxdiapazonluluğu ilə bəndənizi “nədən başlayıb, nədə qurtarmalı” dilemması qarşısında qoyan böyük aktyorumuzun ruhuna “Qoy yazaq dəə!..” - deyə xitab edirəm.
Öz istedad “top-tüfəngi” ilə adamın fikrini təsir atəşinə tutan böyük sənət adamları haqda “böyük” yazmaq çətindir, əfəndilər! Məsələn, tamaşaçılarından biri olaraq deyə bilərəm ki, Siyavuş Aslanın rol aldığı obrazların əksəriyyəti adama futbol üzrə dünya birinciliyinin final qolları kimi ləzzət verirdi. Onun “Ulduz” filmində yaratdığı Şubay obrazını fikrən hər hansı bir başqa aktyora transferləşdirin, görün, necə alınır? Yaxud “Əhməd haradadır?” filmində (bəstəkar Rauf Hacıyevin ecazkar musiqi taktları altında) yataqxana komendantı ilə “başqatma” oyununu xatırlayın (inanmıram kimsə o epizodun ritminə düşüb, xəyalən də olsa, çiyin oynatmamış olsun). Hələ teatr səhnələrindəki qeyri-adi (bədiidən çox həyati!) oyunları! “Hicran” (Emin Sabitoğlu-Sabit Rəhman) tamaşasındakı Dadaşbala obrazını, təbii ki, ondan sonra neçələri oynayıb və hələ oynayacaq. Amma onlardan hansısa bu maraqlı, mürəkkəb sənət rolunu Siyavuş Aslan “rul”u ilə idarə edə bilibmi, biləcəkmi?!.
Bəs, filmoqrafiyasının tam olmayan siyahısı 50-ni keçən bu teatr aktyorunun saysız səhnə rollarını necə çəkəsən qələm-kağız ayağına? Hamısı da, elə bil, onun komik “mən”inə uyğunlaşdırılmış adlar: Firuzbala, İbişov, Şubay, Dadaşbala, Saqqal Ramiz, Qəmzəli, Misir Nəsir, Mindilli, Fəriş, Əsədulla, Sarı və s.
Onun haqqında düşünüb-daşınarkən (və yazıb-pozarkən) bircə məqamda gülüb-gülümsünməmək olar: 5 sentyabr 1935-də Bakıda doğulub, aktyorluğa həvəskar dram dərnəyində başlayıb, Quba Dövlət Dram Teatrında (1958), uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında işləyib, “Şərəf” ordeni və Xalq artisti adıyla təltif olunub, 2013-cü il iyunun 27-də dünyasını dəyişib...
Xatirələrdə, yaddaşlarda isə -
Heç nə dəyişməyib...
Onun sir-sifəti də ayrıca bir mini-teatr təsiri bağışlayırdı. Dünyada belə sifətli çox az aktyor var ki, bizdə bir Əliağa Ağayev idi, bir Lütfəli Abdullayev, bir də Siyavuş Aslan. Deyim ki, sonuncu daha ciddi, yaxşı mənada daha “bozsifət” idi. O qədər ciddi, oxəntərə “bozsifət” ki, hətta “Əhməd haradadır?” filmindəki məlum rəqsini belə ona “yaraşdırmaq” olmurdu. Əlavə edim ki, onu tanımayan bir əcnəbi bu surəti artistdən çox, tənqidçiyə bənzədərdi. Bu qənaətimin təsdiqi üçün onu tək elə səhnədə, kino-telekadrlarda yox, həyatda da görmək gərəkdi. Fərqindəsizmi, hər gəliş-görünüşüylə hər kəsi güldürən, bəzən uğunduran (xüsusilə “Hicran” tamaşasında!) bu insanın bircə kərə ürəkdən şaqqanaq çəkib güldüyü olmadı...
Mən bu “xarakter işi”nin fərqinə çox vardım və elə hey fikirləşdim:
Görəsən, niyə?..
Onu hərdən dənizkənarı bulvarda da görürdüm və maraqlıdır ki, əksərən tanınmamış adamların əhatəsində. Dili ətrafi-fövri dialoqlarda olsa da, fikrən daim müqəyyəd-pantomim monoloqda - tənhalıqda kimi görünərdi. Sifətindən qəribə uyğular yağan bu adam məndə qəribə duyğular oyadardı. Elə bil o, bizə - sevərlərinə, beş-on kəlmə kəsmək istəyənlərinə bir az ironiya ilə də baxırdı; yəni, “hə, nə var, noolub, aktyor-zad görməmisiz, işüüz-peşeüz yoxdi?” Bu son üç sözü onun dilindən az eşitməmişdim (bu barədə, telekanallarımız demişkən, “az sonra”) və “xarakter işi” haqda daha nə? Görəsən, bu məsələdə onun son dövrlərindəki ailə “dram”ının da “rol”u yoxmuş ki? Məncə, o qədər də yox. Adını unutduğum bir teatr tənqidçisinin bir fikrinə rəğmən gəlirəm bu qənaətə: “Aktyor sevgi haqqında hər şeyi bilməyə, lakin onsuz yaşamağı da öyrənməyə borcludur”...
Keçirəm “az sonra” vədimə. Bir dəfə onu dənizkənarı çayxanada tənha oturmuş gördük və həmkarlarımdan biri dedi ki, gedək oturaq, rəsmi müsahibələrdən qaçan bu balacaboy nəhənglə əməlli bir intervü-söhbət edək. Yaxınlaşdıq. Salam-kəlamdan sonra üçümüzdən ikimizi tanıyan Siyavuş müəllim iltifat göstərib, səhnədənkənar gülüş-güldürüş də yaratdı: “Yəqin qırağdan baxıb-baxıb, öz-özüzə deyibsiz “a üç gəzən bəxtəvər, heç demirsiz tək də var”, həə?..”
Yaxşıca gülüşdük və həmkarlarım “qızınma” söhbətindəykən, mən, uzun illər komediya teatrının “as”ı olmuş bu adamın sir-sifətindəki əbədiməskun tragik cizgiləri izləyirdim. Bir xeyli davam edən gül kimi Allah-bəndə söhbətimizin bir məqamında həmkarlarımdan biri “gül” vurdu:
- Siyavuş müəllim, ərəb mütəfəkkirlərindən biri deyir ki; “Böyük insanların iki ürəyi var: birindən qan axır, o biri dəyanətlə dözür”. Bu barədə nə deyərdiz?
Bu həmişəhazır aktyorumuz sözünü rola girmədən söylədi: “Buna cavab verməkçün adamın üçüncü ürəyi olmalıdır”.
Bu ekspromt cavab dostlarımı daha da ruhlandırdı:
- Napoleon deyir: “Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir”. Sizcə də belədir?
- Sizi bilmirəm, mən Bonapart boyda nəhəngin fikrini redaktə edə bilmərəm”.
- Siseronun bir fikri var: “Dahi insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar”.
Bütün görkəmi ilə təvazökarlıq obrazını xatırladan bu sənətkar bir az da ciddiləşib, qınaq-qonaq əda-sədası ilə:
- A kişilər, bu frazada söhbət dahilərdən gedir, - deyib, təbəssümlə əlavə etdi - nöş mənə bu durbinnən baxırsız?!”
Bir neçə belə “ofsayt” suallardan sonra dostlarımdan biri artıq yuxarıda verdiyim frazanı onun üzünə söylədi: “Aktyor sevgi haqqında hər şeyi bilməyə, lakin onsuz yaşamağı da öyrənməyə borcludur”. Bu fikrə necə baxırsız, Siyavuş müəllim?..
Həmin anlar göydə bulud vardımı, yoxdumu, onların rəngi ağmı, qaramı idi, - unutmuşam, amma o son sualdan sonra, səhnə səmamızın ən parlaq ulduzlarından olan Siyavuş Aslanın rəngi bu xalqın ona hüsn-rəğbət və məhəbbətlər süslü təsəvvüründəki kimi idi. Həmin anlar stəkanlarımızdakı çay da, elə bil, əvvəlkilərdən daha pürrəng idi və o dördkünc stolun üstündə bir sual dəyirmilənməkdə idi: “Bu frazaya necə baxırsız, Siyavuş müəllim?..”
Böyük Siyavuş müəllim isə öz soyadıvari bir mərdanəliklə qarşıladı - o dövrün o “tutuquşu” sualını. Sifəti “bu, həyatdır, heç kəs heç nədən sığortalanmayıb” dialektikası üstə köklənmiş, gözləri məchul və “məlum” bir nöqtəyə zillənmiş görkəmdə dedi: “...Mən bu sualınıza bax belə baxıram...”
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 4
sentyabr.- S. 11.