Turizm informasiya mərkəzlərinin rəhbərləri ilə görüş keçirildi

 

Mərkəzlərin ilin ötən dövründə fəaliyyətinə dair hesabatları dinlənildi

 

Sentyabrın 3-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin rəhbərləri ilə görüşdü.

 

Görüşdə çıxış edən nazir müavini bu il Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarında dörd yeni turizm informasiya mərkəzinin yaradıldığını qeyd edərək yaxın vaxtlarda daha iki - Şəmkir və Mingəçevir turizm informasiya mərkəzlərinin təşkilinin planlaşdırıldığını diqqətə çatdırdı.

Mərkəzlərin fəaliyyətinin gücləndirilməsinin vacibliyindən danışan N.Səmədov bu qurumların yalnız yerləşdiyi rayonya şəhərin təbliği ilə deyil, həmçinin əhatə dairəsində olan regionla bağlı aparmalı olduğunu bildirdi: Turizm informasiya mərkəzləri tərəfindən bölgələrin turizm potensialının təşviqi və onların işinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu qurumların yaradılmasının əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerlixarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə bu regionların turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır”.

Bildirildi ki, mərkəzlərin internet saytları vasitəsilə dünyanın hər bir yerindən insanların bölgənin istənilən yerində rahat şəkildə özlərinə əvvəlcədən yermüvafiq turizm xidmətləri sifariş vermək imkanları olmalıdır: “Turizm informasiya mərkəzlərinin saytlarının yenidən hazırlanması və müxtəlif dillərdə məlumatların yerləşdirilməsi ilə turistlərə daha yüksək xidmət göstərilməlidir. Bu sahədə işləri daha da intensivləşdirmək lazımdır”.

Turizm informasiya mərkəzlərinin işində effektivliyin artırılması məqsədilə yeni turizm marşrutlarının yaradılmasının, təbliğat sahəsində həm çap, həm də internet resurslarından geniş istifadə olunmasının zəruriliyi vurğulandı.

Görüşdə mərkəzlərin bu ilin birinci yarısında gördükləri işlərlə bağlı hesabatları dinlənildi. Hesabatlarda mərkəzlər tərəfindən yerlixarici turistlərin məlumatlandırılması məqsədilə həyata keçirilən layihələr, müxtəlif dillərdə reklam-çap məhsullarının hazırlanması və s. barədə məlumat verildi. Turistlərin mehmanxanalarda yerləşdirilməsi, nəqliyyat xidmətləri və yerli bələdçilərlə təmin olunması, ekskursiyaların təşkili üçün işlər aparıldığı qeyd olundu.

Nazir müavini hesabatları dinləyərək səsləndirilən məsələlər, görülən işlər, mövcud problemlər və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verdi.

Qeyd edək ki, ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə ilk turizm informasiya mərkəzi 2005-ci ildə Xaçmaz rayonunda fəaliyyətə başlayıb. Bu gün paytaxt Bakıdan savayı ölkənin şəhər və rayonları üzrə 12 belə mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran) fəaliyyət göstərir.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 9.