Regionlardakı turizm informasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı treninq

 

Sentyabrın 3-də Bakı Turizm İnformasiya Mərkəzində bölgələrdə turizmin inkişafı, bu sahədə fəaliyyətin genişləndirilməsi və turizmin təbliğinə həsr olunmuş treninq keçirildi. Treninqdə bu il yaradılan Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarının turizm informasiya mərkəzlərinin direktorları iştirak edirdi.

 

Tədbirdə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev məruzə ilə çıxış edərək yeni yaradılmış turizm informasiya mərkəzlərinin fəaliyyət istiqamətləri, müxtəlif turizm müəssisələri ilə işin qurulması haqqında geniş məlumat verdi.

Qeyd olundu ki, bu gün ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Paytaxtla yanaşı bölgələrdə də yeni turizm mərkəzləri, hotellər inşa edilir. Bununla bağlı həm turizm informasiya mərkəzləri, həm də turizm şirkətləri işini günün tələblərinə uyğun qurmalıdır. Bölgələrə səfər edən turistləri düzgün istiqamətləndirmək, onların istəklərinə uyğun hotellərdə yerləşdirərək yüksək səviyyədə xidmətin təşkil olunması vacibdir ki, turist gələcəkdə yenə həmin turizm müəssisəsinə gəlmək istəsin. Bölgə haqqında müxtəlif dillərdə ətraflı məlumatların əks olunduğu, turistlərin mənalı istirahətinin təşkili üçün muzeylərə, teatrlaratarixi abidələrə ekskursiyaların təşkili barədə dolğun informasiyanın yer aldığı çapelektron vasitələrdən geniş istifadə etmək lazımdır.

Zakir Əliyev bölgələrdə yerləşən turizm obyektləri ilə sıx əlaqələrin qurulmasının, keçirilən mədəni-kütləvi tədbirlərdə, festivallarda iştirakın vacibliyini diqqətə çatdırdı.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov turizmin təbliğində yeni imkanlardan söz açdı. Bildirdi ki, müasir informasiya vasitələrindən və sosial şəbəkələrdən geniş istifadə etmək lazımdır, bölgənin turizm imkanları haqqında ətraflı məlumatlar yerləşdirilməlidir: “Bizbu sahədə bütün turizm informasiya mərkəzlərinə öz köməkliyimizi göstəririk. Yaxın vaxtlarda yeni turizm informasiya mərkəzlərinin də saytları yaradılacaq”.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 9.