Bir hiss adamı ilə söhbət
İftixar
Piriyev: “İnsanların dolğunlaşmasının yaş həddinə,
istedadlı olub-olmamağına heç bir aidiyyəti yoxdur.
İnsan ömrü boyu inkişafa doğru irəliləyir”
Onunla yubileyi ərəfəsində
görüşdük. Çoxdan
tanıdığım, dünyaya baxışını
tamaşalarından, rollarından, yazdığı əsərlərdən
az-çox bildiyim bir aktyor, rejissor, müəllif kimi istər
sənət, istərsə də həyat həqiqətləri
haqqında söhbət etdik.
Bu gün 55 yaşını qeyd edən
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi, aktyor, şair, dramaturq, publisist, sənətşünaslıq
üzrə fəlsəfə doktoru İftixar Piriyev
sadaladığım bütün məziyyətlərindən
əlavə həm də əsl teatr təəssübkeşi,
sənət vurğunudur.
- İftixar müəllim, teatr insanın zamanını əlindən
almaq gücündə olan bir yaradıcılıq sahəsidir. Yəqin teatra özünəməxsus
yanaşmanız var...
-
Zamanı insanın əlindən heç bir qüvvə ala
bilməz. Çünki zaman insanın ritmindədir.
Əksinə, insan teatr sənətini zamanın
dinamikasında hərəkətə gətirərək bir
anlamda onu öz ritminə qoşa bilir. Yəni,
teatr zamanı əldən almır, zaman teatrı insanın
ritmində yaşadır. İnsan həm
zamanla irəliləyərək ömrünü tükətməklə,
həm də sevdiyi peşə ilə məşğul olaraq,
zamanı aldatmaqla məşğuldur. Zaman
elə bilir ki, sən onun necə keçdiyini anladıqca
nigarançılıqdan əzab çəkirsən, lakin
insan, deyək ki, teatr adamı, bu sənətin sehrində
tilsimləndikcə zamanın necə keçdiyinə əhəmiyyət
vermir, zamanı aldadır.
- Hər
yaş öz hesabat dönəmi ilə yadda qalır. Kimi məhsuldar,
kimi sadəcə sükutla keçir bunu...
- Hər
kəsin bir ömrü var. Hər kəs öz
ömrünü əməlləri ilə zamanın
anlarına həkk edir. Kimi yaradır, kimi
dağıdır. Hesabatı isə insan
bir kərə verir. Əbədiyyətə
qovuşduqdan sonra. O dünyada Allahına, bu dünyada
zamana...
- İllər
İftixara nə verdi?
- İllər
İftixara Allahın 1960-cı ildən bu günə qədər
bəxş etdiyi 55 illik bir zaman orbitində sevincli, kədərli,
ağrılardan, acılardan, bəzən rəvan, bəzən
sıldırımlardan keçən, nəticədə zəngin
və dolğun, mənəvi rahatlıqla dolu bir ömür
yolunu isbatladı. İllərin fəsillərində
gah üşüdü, gah isindi İftixar. Lakin üşüyə-üşüyə, isinə-isinə
mənəvi qazanc sahibinə çevrildi.
- Bu mənəvi
qazancdan qürurlanırsınızmı?
- Bir halda
ki, mənəvi qazanc deyilən bir sərvət sahibi ola bilmişəmsə, demək ki, bununla
yalnız qürurlanmaq lazımdır. 1981-ci ildə
İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsini bitirdim. Həmin
ildən Akademik Milli Dram Teatrında aktyor fəaliyyətinə
başladım, milli və dünya klassiklərinin əsərlərində
rollar oynadım. Teletamaşalarda,
teleseriallarda, bədii filmlərdə tamaşaçı rəğbətinin
ləzzətini daddım. 1998-2000-ci illərdə Heydər
Əliyev adına Tiflis Dövlət Azərbaycan
Peşəkar Dram Teatrının bərpa rəhbəri oldum. Həmin illərdə ulu öndərin Tiflisə
işgüzar səfəri zamanı o böyük şəxsiyyətlə
ünsiyyətdə olmaq imkanı nəsibim oldu. 2000-ci
ildə C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrına rəhbər təyin
olundum. 15 ildir ki, bu qocaman sənət
ocağında sevimli kollektivlə birgə teatr sənətimizin
yaşaması uğrunda əzmlə
çalışırıq. Bu illər ərzində
12 kitabım işıq üzü gördü. Çoxlu şeirlər, poemalar, pyeslər, elmi məqalələr,
portret və publisistik yazılarım çap olundu. Dəfələrlə Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə İrəvan
Teatrını beynəlxalq arenaya çıxara bildik. Bu
gün də bu fəaliyyət bizim üçün
prioritetdir...
-
Müasir dövrün insanı istənilən məsələyə
bir az loyal yanaşır. Yəqin bu səthi
və soyuqqanlılıq sizə yaddır...
- Siz
insanları qınamayın. Bunun hamısı
zamanın sürəti ilə əlaqəlidir. Daha doğrusu, elm, texnika inkişaf etdikcə hərtərəfli
sürət fərqi yaranmağa başladı. Bu, insanların şüurunda, düşüncəsində,
idrakında özünə xüsusi yer tutdu. Fayton əsrindən, birdən-birə kosmik sürət
orbitinə düşən zaman və zamanın dinamik hərəkətindəki
sürətlilik insanların münasibətlərində dəyişikliklərin
yaranmasına səbəb oldu. Nə qədər
ki zamanın təkəri ləng gedirdi, insanların daxili
dinamikası da həmin sürətə
uyğunlaşırdı və heç bir şey diqqətdən
kənarda qalmırdı. Düşüncə
və təfəkkür də öz ləngəri ilə hərəkət
edirdi. Zamanın sürəti artdıqca,
insanın daxili dinamikası da dəyişdi. Həmin sürətlə ayaqlaşmağa
çalışdı. Bəzən
sürətə uyğunlaşmayan hadisələr geridə
qalmaq məcburiyyətində oldular, o cümlədən
münasibətlərdəki ölçülər də istər-istəməz
öz balansını itirdi. Bu da
uyğunluq təşkil etməyən məsələlərə
loyallıq, soyuqqanlılıq göstərməyə gətirib
çıxardı. Bəzi meyarlar itdi.
Sürət çoxaldıqca itkiləri hesabata
almaq da çətinləşdi. Ona
görə də insanlar baş verən bütün hadisələrə
alışqan olmağı öyrəndilər.
İnsanlar bir məsələni unutmamalıdır ki,
zamanın sürəti onların əməlləri ilə tənzimlənir. Odur ki,
münasibətləri də həmin sürət
ölçülərinə yerləşdirməyi bacarmaq
lazımdır. Heç bir itkiyə yol
vermədən mükəmməl qalmaq lazımdır. Mən
hiss adamıyam, hər şeyə həssasam. Odur
ki, çalışıram daxili dinamikamın sürətinə
elə uyğunlaşım ki, heç bir məsələyə
loyal qalmayım.
- Şair, dramaturq, aktyor, rejissor, teatr direktoru. Bunların
hansı İftixar Piriyevin daxili dünyasını daha
dolğun şəkildə ifadə edə bilir?
-
Bilirsiniz, bunların hər biri ayrıca bir ifadə vasitəsidir.
Lakin bütövlükdə İftixarın ifadəçisidir.
Bütün bunlar - hər gün yaranan və isti-isti ruhuma
yayılan şeirlər, yeni doğulan personajların canlı
dinamikası, zamanın, hadisələrin, ömrümün
ritmini özündə ifadə edən, həyatımın mənasına
çevrilmiş, daxilimdə hər an yeni yaranan
monoloqların elə içimdəcə səslənməsi,
düşündüklərimi bir kompozisiya ətrafında
birləşdirmək qüdrətini özündə yaradan və
rəngarəng tərtibatda bir kontekstə gətirən
çoxşaxəli hərəkətlər, mizanlar, birgə
fəaliyyət göstərdiyim və çox böyük
sevgi ilə yanaşdığım kollektivimizlə hər
gün yeni ruhsal ünsiyyət, yaradıcılıq üzərində
bərabər çəkilən zəhmət
bütövlükdə mənim varlığımın ifadəsidir.
- Adətən,
yaradıcı adamların dolğunlaşma yaşını
50-dən sonraya şamil edirlər. Necə
düşünürsünüz, istedadın zühuruna
yaş faktoru nə qədər mane ola
bilir?
- İnsanların dolğunlaşmasının yaş həddinə,
istedadlı olub-olmamağına heç bir aidiyyəti yoxdur. İnsan
ömrü boyu inkişafa doğru irəliləyir. Bir də ki, heç istedadsız insan yoxdur. Ümumiyyətlə, insan çox mükəmməl
bir mexanizmdir və o, saat kimi işləyir.
Yaradıcısı da, oğrusu da, cinayətkarı da, qəhrəmanı
da, xeyirxahı da... Allah hər kəsi
istedadlı yaradır. Sadəcə hər
kəs özünü bir sahədə və müəyyən
bir ölçüdə ifadə edir. İstedadın
ortaya çıxması insanın təhtəlində ruhunun
seçdiyi sahə üzrə onu hərəkətə gətirən
nüvənin dinamik qüdrətindən asılıdır.
Kimində nüvə tez partlayır və hərəkətə
keçir, kimisində isə gec.
- Qocaman
bir teatr ocağına rəhbərlik edirsiniz. Sizcə,
Azərbaycan teatrı və tamaşaçısı
arasında rabitədə əsas faktor nədir və bir
tamaşaçı kimi öz teatrınıza baxdıqda kifayət
qədər tənqidi yanaşa bilirsinizmi?
- Əsas faktor tamaşaçını öz
illüziyasında tilsimləməkdir. Tamaşaçını az zaman kəsiyində, yəni bir tamaşa
ölçüsü çərçivəsində elə
“tələyə” salmalısan ki, zaldan çıxdıqdan
sonra da ondan qurtula bilməsin. Bu ecazı yarada
bilən teatr həmişə tamaşaçısı ilə
bərabər inkişaf edəcəkdir. O ki qaldı
öz teatrımızın məhsuluna, ümumiyyətlə,
mən nəinki öz teatrımıza, ən çox
özümə tənqidi yanaşmağı doğru hesab
edirəm. Əlbəttə, öz
tamaşalarımızda qüsur görməmək
üçün tənqidi yanaşmada bir fayda olduğunu birmənalı
şəkildə dəyərləndirirəm. Doğrudur, bizim fəaliyyət göstərdiyimiz
şəraitin mükəmməl məhsul almaq
üçün imkanı, demək olar ki, yoxdur. Lakin peşəkarlığımız imkan vermir ki,
şəraitsizliyin burulğanında çapalayaq. Həm teatrımızın ənənəsi, həm
də işimizə vicdanlı və peşəkar münasibətimizə
görə məhsullarımız qənaətbəxş
hesab olunur.
- İftixar müəllim, əsərləri İrəvan,
Tiflis, Naxçıvan, Gəncə teatrlarının səhnələrində
uğurla oynanılan və yetəri qədər sənət
uğurları olan teatr adamı kimi fikriniz maraqlı olar: Azərbaycan
teatrı gəncləşməlidir, yoxsa tamaşaçı
düşüncəsi?
-
Bilirsinizmi, ümumiyyətlə, gəncləşmək
anlamı yanlışdır. Heç vaxt gəncləşmək
mümkün deyildir. Püxtələşmək,
müdrikləşmək və yaxud yeniləşmək
anlamı mövcuddur. Teatrlarımız
zamanın və insan idrakının inkişaf həddinə
sıçrayış etməlidir. Hətta
mən deyərdim ki, teatrlarımız həmin hədləri
o qədər yüksəyə doğru aşmalıdır
ki, insanlar teatr möcüzəsinə özlərini və dərketmələrini
təslim edə bilsinlər. Bunun üçün birinci
növbədə teatr xadimləri öz mövqelərində
ciddi dəyişikliklərə nail olmalıdır. Passiv
iş prosesindən aktiv iş prosesinə keçilməlidir.
Yeni texnologiyanın şərtlərinə yeni
təfəkkür və yeni forma ilə cavab verməyə
çalışılmalıdır. Ənənəvi,
klassik üslubdan imtina etməməklə yeniləşmək,
fabulasız, lakin fabulanın üst qatına yüksələn
yeni nöqtəyə doğru sürətlə irəliləmək,
orijinal nəticələr əldə etmək qüdrətinə
yüksəlmək lazımdır.
- Yeni
mövsümdə tamaşaçılara nə vəd
edirsiniz?
-
Premyeralarımız olacaq. Məzuniyyətimiz
sentyabrın 7-də bitdiyindən yeni mövsümə bundan
sonra başlayacağıq. Repertuarda
yarımçıq qalmış əsərlərin
yekunlaşmasını təmin edəcəyik. Yeni repertuar təsdiq edildikdən sonra bu barədə
geniş məlumat verəcəyik.
- Bir
neçə şeir kitabının müəllifisiniz. Poetik yanaşdıqda zaman insana tabedir, yoxsa insan onu dəyərli
etməyə məhkumdurmu?
- İnsan daim zamanın anlarını özündə
yaşatmağa məhkumdur. Bu yaşantılar həm
də zamanın yaşadığını ifadə edir.
İnsan olmasa zamanın yaşamağı kimə
lazımdır və bu nə qədər məzmunlu ola bilər? Məhz zamanı
zaman edən və onu dəyərə yüksəldən
insandır.
- Və
son olaraq: İftixar Piriyev 55-dən geriyə boylandıqda
hansı mənzərəni görür və 60-a qədərki
marafondan gözləntiləri nədir?
- Bu
sualınıza 1997-ci ildə, 37 yaşımda
yazdığım bir şeirimlə cavab vermək istəyirəm:
Ömrümün
asılqanından
sürüşüb düşmüş
gecələrimi, gündüzlərimi
əlhavası
axtara-axtara
gəlib
çatdım
otuz
yeddi yaşımın astanasına,
dayandım...
Bir
anlıq
gəldiyim yolları
yüyürüb qaçmaq istədim
geriyə.
Geridən
gəldiyim yolları
yenidən gəlməyə...
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 4
sentyabr.- S. 7.