Malayziya qəzetində Alim
Qasımov haqqında növbəti məqalə
Malayziyada ingilis dilində yayımlanan “Star” qəzetində Azərbaycanın tanınmış muğam ustası Alim Qasımovun cari ilin sentyabrında keçiriləcək “Diverse City 2015: Kuala-Lumpur” beynəlxalq incəsənət festivalı çərçivəsində Petronas Filarmoniyasında çıxış edəcəyi barədə növbəti məqalə dərc olunub.
Məqalə islandiyalı müğənni-bəstəkar Byorkun Alim Qasımov haqqında dediyi - “Bu gün sevimli müğənnim yaşayır” ifadəsi ilə başlayır. Yazıda sənətkarın Azərbaycanın qabaqcıl muğam ustalarından biri olduğu və dünya musiqi səhnəsində özünəməxsus yer tutduğu bildirilir.
Alim Qasımovun ansamblının sentyabrın 7-də Petronas Filarmoniyasında çıxış edəcəyi, “Pusaka” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunan festival çərçivəsində digər tanınmış sənətkarların, o cümlədən Pakistanın qaval ustaları Mehr və Sehr Alinin onunla səhnəni bölüşəcəyi qeyd olunur. Festivalda həmçinin Vyetnam və Myanma incəsənət qruplarının da iştirak edəcəyi vurğulanır.
Yazıda daha sonra muğam haqqında ətraflı məlumat verilir. Bildirilir ki, klassik poeziya və musiqi improvizasiyasını özündə birləşdirən muğam Azərbaycanın qədim xalq sənəti nümunəsidir, bu sehrli janr Alim Qasımov və qızı Fərqanə tərəfindən Malayziya tamaşaçılarına təqdim olunacaq.
Bundan əlavə, Alim Qasımovun dünyanın bir sıra tanınmış musiqiçiləri, o cümlədən San-Fransiskoda yerləşən “Kronos Quartet” simli kvarteti, Amerikalı müğənni-bəstəkar Cef Bakli (Jeff Buckley) ilə əməkdaşlıq etdiyi bildirilir.
UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi mədəni irsi
siyahısına daxil edilmiş
muğam sənətinin yeddi
əsas növünün olduğu
və onların hər birinin özünəməxsus
musiqi çalarları ilə seçilməsi
barədə məlumatlar da məqalədə
öz əksini tapıb.
Mədəniyyət.- 2015.- 4
sentyabr.- S. 4.