Regionlardakı Heydər Əliyev mərkəzlərinin rəhbərləri üçün kurslar

 

Regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları üçün sentyabrın 5-də Azərbaycan Xalça Muzeyində təlim-tədris dərsləri keçilib. Dərslər təcrübəsinin artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunub.

Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevanın apardığı tədris kursunda Hacıqabul, Tərtər, Zərdab, Bərdə, Siyəzən, Qobustan, Biləsuvar, Yevlax, Balakən və Mingəçevirdəki Heydər Əliyev mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Xalça Muzeyindən bildirilib ki, dərslərdə "Mərkəzlərdə elmi tədqiqat işinin planlaşdırılması və aparılması", "Mədəni-kütləvi tədbirlərin təşkilinə rəhbərlik, ekskursiya, sərgilərin hazırlanması və təşkilinə nəzarət" mövzularına geniş yer ayrılıb.

İştirakçılar həmçinin muzeyin təcrübəsi ilə yaxından tanış olublar. Onlara muzeyin ekspozisiyası, müxtəlif şöbələrin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Heydər Əliyev mərkəzlərinin direktorları Azərbaycan Xalça Muzeyinin fəaliyyətini yüksək qiymətləndirib və buradakı təcrübəsindən bəhrələnəcəklərini bildiriblər, muzeyin rəy kitabında maraq doğuran təəssüratlarını bölüşüblər.

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 13.