Birləşmiş Ərəb Əmirliklərinin populyar nəşri Azərbaycan haqqında

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) populyar "Gulf news" qəzetinin ilk dəfə ölkəmiz haqqında xüsusi bələdçi nəşri çap edilib. Azərbaycanın Dubaydakı baş konsulluğunun təşəbbüsü ilə hazırlanan nəşrdə Azərbaycan haqqında məlumat verilir, Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrdən söz açılır, "Bakı-2015" ilk Avropa Oyunlarının ölkəmizə marağın artmasında rolundan bəhs olunur. Oyunların ölkəmizin potensial turistlərdə yaratdığı yüksək fikirlərin təzahürlərini ilin sonu - qış turizm mövsümündə və ya növbəti yay mövsümündə özünü göstərəcəyi vurğulanır.

Həmçinin elektron viza tətbiqi qaydaları haqqında da məlumat verilir, ölkəmizdəki brend hotellərdən (“Hilton”, “Four Seasons”, “Fairmont”, “JW Marriott”, “Hyatt”, “Kempinski” və “Jumeirah Bilgah”) söz açılır. Qeyd olunur ki, ölkəmizdə spa, xizək və sağlamlıq turizm növləri geniş populyarlıq qazanıb və mineral bulaqların, palçıq vannalarının və neft müalicə mərkəzlərinin ölkəyə turistlərin gəlməsində mühüm rolu var.

Nəşrdə Azərbaycanda 2016-cı ildə "Formula 1" yarışının, Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçiriləcəyi haqda məlumat verilibnazir Əbülfəs Qarayevin "Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, turizm sektorunun yüksək keyfiyyətli inkişafı üçün bizə böyük məsuliyyət qoyur" açıqlaması da yer alıb.

Nəşrdəki yazılar ayrı-ayrılıqda "Gulf news" qəzetinin 6 sentyabr tarixli buraxılışında dərc olunub. Yazılarla bu link vasitəsilə tanış ola bilərsiniz: http://gulfnews.com/gn-focus/country-guides/reports/azerbaijan/azerbaijan-a-new-hot-ticket-tourist-destination-1.1577814

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 11.