Alim Qasımovun Kuala-Lumpurda
konserti böyük maraqla qarşılanıb
Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə "Diverse City 2015: Kuala Lumpur" beynəlxalq incəsənət festivalı çərçivəsində tanınmış muğam ustası, Xalq artisti Alim Qasımovun konserti keçirilib.
Kuala-Lumpurun əzəmətli konsert sarayında - "Dewan Filarmonik Petronas"da konsertə gələnlər arasında Malayziyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış sənətçilər, yerli və xarici jurnalistlər, Kuala-Lumpurda yaşayan həmvətənlərimiz olublar.
"Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə başlayan proqramda görkəmli sənətkarın və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifasında səslənən muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsertdən sonra sənətkarlarla görüşən tamaşaçılar onların ifasına heyran qaldıqlarını, ölkəmizin belə zəngin musiqi mədəniyyətinə malik olmasının canlı şahidi olduqlarını bildiriblər. Azərbaycan musiqi alətlərinin onlarda böyük maraq doğurduğu vurğulanıb.
Alim Qasımovun Malayziyaya səfəri və "Diverse City 2015: Kuala Lumpur" incəsənət festivalında çıxışı yerli mətbuatda da geniş işıqlandırılıb.
Konsertdən bir gün əvvəl Azərbaycanın
Malayziyadakı səfirliyi tərəfindən Alim
Qasımovun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə yüksək səviyyəli
qonaqlar, KİV nümayəndələri,
Azərbaycan və türk
icmalarının üzvləri iştirak
ediblər. Ziyafət çərçivəsində Alim Qasımov jurnalistlərin suallarını da cavablandırıb.
Mədəniyyət.- 2015.- 9
sentyabr.- S. 4.