Əfqani adı ilə dünyada tanınan azərbaycanlı

 

Tarixin bütün dövrlərində özgə adla tanınan, lakin xalqına möhkəm tellərlə bağlı olan Azərbaycan mütəfəkkirləri olub. XIX əsrdə yaşamış belə simalardan biribütün müsəlman Şərqində milli-ictimai fikrin inkişafında müstəsna xidmətləri olan Şeyx Cəmaləddin Əfqanidir.

 

Cəmaləddin Səftər oğlu Əfqani (Seyid Məhəmməd) 1836-cı ildə Cənubi Azərbaycanın Həmədan şəhəri yaxınlığındakı Əsədabad qəsəbəsində dünyaya göz açıb. Uşaqlıq illəri də bu kənddə keçib. Seyid Səftər İranda imkanlı bir din xadimi kimi tanınıb. Əfqanıstanın Kabil şəhəri yaxınlığında böyük mülkü olub. O, bir müddət Əsədabadda yaşadıqdan sonra Kabilə köçür. Bu zaman kiçik Cəmaləddinin səkkiz yaşı vardı. Atası onun təlim-tərbiyəsinə ayrıca vaxt ayırır, təhsili ilə ciddi məşğul olur. Mədrəsədə təhsil alan Cəmaləddin ərəb və fars dillərini mükəmməl öyrənir. Həddi-büluğa çatanda Hindistana səfər edir. Dehlidə ingilis hakimiyyətinə qarşı xalq etirazının şahidi olur. İngilis əsgərlərinin qəddarlığı onda imperializmə nifrət hissi oyadır. Bu hiss ömrü boyu onu tərk etmir...

Cəlaləddin bir müddət Hindistanda yaşayır. Sonra Məkkəyə səfər edir. Geri dönərkən Əfqanıstan əmiri Dostum Əhməd xanın yanında xidmətə girir. Əmir gözlənilmədən dünyasını dəyişir. Bu hadisədən sonra ölkədə hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə Cəmaləddinin tərəfdarları qalib gəlir. O, yeni əmirin vəziri təyin edilir. Bir müddət sonra əmir taxtdan salınır. Buna görə Cəmaləddin ölkəni tərk etməli olur. Əvvəl Hindistana, sonra Qahirəyə nəhayət, 1870-ci ildə İstanbula gəlir. Burada Böyük Maarif Məclisi Elm Cəmiyyətinin üzvü olur. Osmanlı hökumətinin təhsil sahəsində islahatlar proqramına qatılır. Eyni zamanda İstanbul Darülfünununda müəllim işləyir. Şəhərin məşhur Sultan Əhməd Ayasofya məscidlərində xütbələr oxuyur.

O, görkəmli din xadimi olmasına baxmayaraq, müasir düşüncəli fikir sahibi kimi tanınıb. İslam aləminin geriləməsi tənəzzülü səbəblərini çəkinmədən dilə gətirir. Respublika konstitusion hakimiyyət prinsiplərini müdafiə edir. Ancaq İstanbulun şeyxülislamı digər din xadimləri onun fikirləri ilə razılaşmırlar. Buna görə o, yenidən hökumətin məsləhəti ilə Qahirəyə dönür.

Ərəb millətçiliyinin yaranmasında xüsusi fəaliyyət göstərən Şeyx Cəmaləddin çıxışlarında Britaniyanın Misirdə müstəmləkə siyasətini sərt tənqid edir. Şeyxin bu mövqeyindən ehtiyatlanan ingilis komissarı 1879-cu ildə onu Misirdən sürgün etdirir. O, 1883-cü ildə Amerikaya gedir. Bir müddət orada qaldıqdan sonra yenidən Fransaya qayıdır. Parisdə ərəbcə iki dərgi nəşr etdirir. Qəzetdə ingilis imperializmini kəskin tənqid edən yazıları dərc olunur. Ancaq bu dərgilərin çapı Fransa hökuməti tərəfindən dayandırılır, o, təqiblərə məruz qalır.

Şeyx Cəmaləddin İranda şah rejiminə qarşı qatı mənfi münasibəti ilə tanınırdı. Bu arada Nəsrəddin şah onunla münasibəti sahmanlamaq üçün şeyxi Tehrana dəvət edir. İki ildən sonra o, Rusiyaya səfər edir. Müsəlman üləması ilə təmas qurur onları çar Rusiyasına qarşı mübarizəyə təşviq edir. İnqilabi fikirlərini tatar ruhaniləri ilə bölüşür...

Şeyx Cəmaləddin Rusiyada da uzun müddət qala bilmir. Çar Aleksandrla görüşür. Bu görüşdən sonra Sankt-Peterburqu tərk edərək Londona üz tutur. Osmanlı sultanı II Əbdülhəmid xan 1892-ci ildə London səfəri zamanı onu xilafət mərkəzinə - İstanbula yaşamağa dəvət edir. Şeyxə aylıq 75 qızıl lirə təqaüd təyin edir, ayrıca bir imarət ayırır. Bütün bunların əvəzində İran şahından əl çəkməsini xahiş edir. O, Sultan Əbdülhəmidin xahişini qəbul etmir. Nəsrəddin şahın qətlini planlaşdırır tərəfdarları bu planı 1896-cı ildə həyata keçir.

Bu hadisədən sonra Sultan Əbdülhəmidin şeyxə münasibəti dəyişir və onu zindana saldırır. O, zindandan iranlı dostlarına son məktubunda yazır: “Əziz iranlı məsləkdaşlarım, bu məktubu həbsxanadan yazıram. İndi dostlarımla görüşməkdən məhrumam. Artıq nə azadlığa, nə də yaşamağa ümidim qalıb. Nə tutulmağımdan kədərlənir, nə də öləcəyimdən qorxuram. Mənim üçün belə həbs də, belə ölümxoşdur. Öldürülsəm də, insanların həyatı naminə öldürüləcəyəm... Onlar başa düşmürlər ki, fikir sahibini məhv etmək onun fikirlərini məhv etmək vasitəsi ola bilməz”.

Beləliklə, Şeyx Cəmaləddin Əfqani 1897-ci ildə zindanda dünyasını dəyişir. Şeyxin “Əfqani” təxəllüsü daşıdığından çoxları onu əfqan hesab edib. Əfqanıstan hökumətinin səyi ilə 1944-cü ildə onun sümükləri İstanbuldakı məzarından çıxarılaraq Kabildə torpağa tapşırılıb.

Ancaq müasirləri onun azərbaycanlı olduğunu özündən eşitdiklərini yazıb. Onunla Parisdə, İstanbulda bir yerdə yaşamış Əhməd bəy Ağaoğlu onun azərbaycanlı olduğunu bildirib. Məhəmməd Əmin Rəsulzadə “İran türkləri” adlı əsərində İran türklüyünün görkəmli nümayəndələri sırasında birinci olaraq Şeyx Cəmaləddin Əfqaninin adını çəkib. Bildirib ki, bütün Şərqin intibahında bu şəxsin müstəsna rolu olub. Həmədan şəhəri yaxınlığındakı Əsədabad qəsəbəsində indiŞeyxin qohumları yaşamaqdadır. Amerikalı tarixçi Nikki Keddie İran alimlərinin Cəmaləddin Əfqanini fars hesab etmələrini düzgün saymayıb. Eyni zamanda onun dilinin Azərbaycan türkcəsi olduğunu qeyd edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 15.