Uşaq ədəbiyyatının
görkəmli nümayəndəsi
Yazıçı-dramaturq, Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Əli Qafur oğlu Səmədli 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallışıxlı kəndində, müəllim ailəsində anadan olub. 1948-ci ildə Göyçay şəhərində orta təhsilini başa vurduqdan sonra Bakıya gələrək indiki Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub.
Əmək fəaliyyətinə 1953-cü ildə Pirallahı adasındakı fəhlə yataqxanasında tərbiyəçi müəllim kimi başlayıb. Sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyində inspektor, respublika kinoprokat idarəsində rəis müavini, Azərbaycan Kinematoqrafçılar İttifaqında sovet incəsənətinin təbliği bürosunun direktoru, “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram redaksiyasında redaktor işləyib.
İlk dəfə 1959-cu ilin mayında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan “Unuda bilmirəm” hekayəsi ilə dərc olunub. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çıxış edib.
Əli Səmədli ədəbiyyatın bütün janrlarında qələmini sınayıb. 50 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərib. Uşaqlar üçün yazdığı “Ən böyük yalançı” nağılı ilk dəfə “Azərbaycan pioneri” qəzetində işıq üzü görüb. “Aqil babanın nağılları” adlı ilk kitabı 1962-ci ildə çapdan çıxıb. “Artıq tamah baş yarar”, “Hərənin bir ulduzu”, “Kibrit çöplərinin macərası”, “Sehrli xalça”, “Siçanların toyu” və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulub.
Yazıçı 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə (Belarus, özbək, türkmən, qırğız və s.) tərcümə edilərək nəşr olunub.
“Artıq tamah baş yarar” nağıl-pyesi A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.
Ədib
2006-cı il may ayının 30-da vəfat
edib.
Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 13.