Özbəkistan saytında Nizami Gəncəvi haqqında araşdırma dərc olunub

Özbəkistanın uchildiz.uz saytında azərbaycanlı alim, fəlsəfə elmləri doktoru Cabbar Məmmədovun “Nizami Gəncəvinin vətəni və milliyyəti ilə bağlı bəzi mübahisəli məsələlər haqqında” adlı məqaləsi dərc edilib. Rus dilində dərc olunan məqalədə illər boyunca bəzi mənbələrdə dahi Azərbaycan şairinin milliyyəti və vətəni haqqında irəli sürülmüş həqiqətə uyğun olmayan fikirlərə əsaslı faktlarla cavab verilir.

Azərbaycanın Gəncə şəhərində anadan olan şairin əsərlərini əsasən fars dilində yazdığı qeyd olunur. Məqalədə vurğulanır ki, o dövrün böyük söz ustadları öz əsərlərini fars və ərəb dillərində yazmasının əsas səbəbi həmin dillərin geniş coğrafiyada işlək olması və bu dillərdə əsərlərin dünyaya daha tez yayılması ilə bağlı olub. Müəllif mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verir, "Xəmsə"nin dünya mədəniyyətinin inciləri siyahısına daxil edilməsindən yazır.

Orta əsrlərdə böyük şairlərin yetişməsində Nizami Gəncəvi yaradıcılığının müstəsna rolu olduğunu qeyd edən alim onun əsərlərinə çəkilmiş illüstrasiyaların Londondakı Britaniya, Parisdəki Luvr muzeylərində, İstanbuldakı Topqapı, Moskvadakı Tretyakov qalereyalarında və digər yerlərdə saxlanıldığını qeyd edir.

Məqalə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunub.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 12.