Cəlilabadda qədim dövrlərə aid yeni maddi-mədəniyyət nümunələri tapılıb

 

Cəlilabadda qədim dövrlərə aid yeni maddi-mədəniyyət nümunələri tapılıb. Rayonun Adnalı kənd sakini Natiq Abbasov həyətində su quyusu qazdırarkən torpağın alt qatından müxtəlif küplər və insan sümükləri çıxıb. Quyu dərinləşdikcə buradan tapılan əşyaların sayı da çoxalıb.

İnsan sümüklərinin ətrafında xeyli sayda xırda muncuq və zinət əşyaları aşkarlanıb. Yerli tarixçilərin fikrincə, bəzək əşyalarının xüsusi rənglə boyanması, onların üzərindəki müxtəlif naxışlar antik dövrdə bu ərazidə sənətkarlığın yüksək inkişafından xəbər verir.

Eramızdan əvvəl IV-III minilliklərə aid olduğu ehtimal edilən bu maddi-mədəniyyət nümunələri araşdırılması üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Ərazinin geniş şəkildə tədqiq olunması məqsədilə yaxın günlərdə Cəlilabada xüsusi arxeoloji ekspedisiyanın gəlməsi gözlənilir.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 11.