ATMU-da TEMPUS proqramı ilə
bağlı növbəti görüş
Sentyabrın 9-da Azərbaycan Turizm və Menecment Universitetində Avropa İttifaqının TEMPUS proqramının 5-ci çağırış “E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) milli operator və test mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində görüş olub. Görüş 7-11 sentyabr tarixində layihənin tərəfdaş universiteti - Polşanın Elm və Texnologiya Universitetinin (UTP) nümayəndələri tərəfindən monitorinqin aparılması ilə bağlı keçirilib.
Görüşdə ATMU-nun rektoru Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov, layihənin koordinatorları, Polşanın Elm və Texnologiya Universitetinin nümayəndələri iştirak ediblər.
Rektor qonaqlarla söhbət əsnasında layihənin uğurla davam edəcəyinə və qarşıdakı illərdə Polşanın Elm və Texnologiya Universiteti ilə də əlaqələrin genişlənəcəyinə əminliyini bildirib. “ECDL Azərbaycan” layihəsinin baş koordinatoru Ü.Bağırov ECDL (European Computer Driving Lisence) kompüter bilikləri və beynəlxalq sertifikat proqramına dair məlumat verib.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) fəaliyyətə başladığı vaxtdan bir çox beynəlxalq layihələrin işlənib hazırlanmasında və icrasında maraqlı tərəflərdən biri kimi tanınıb. Universitet TEMPUS proqramının 5-ci çağırış “E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) milli operator və test mərkəzlərinin yaradılması” layihəsi üzrə tərəfdaş ali təhsil müəssisələrindən biridir. Proqram üzrə ATMU-da 2014-cü ildən fəaliyyət göstərən test mərkəzi müasir texniki avadanlıqlarla təchiz edilib.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 11
sentyabr.- S. 7.