Naşir, müəllif və oxucuların görüş yeri

 

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

 

Bakı İdman Sarayı üç gün ərzində kitab bayramına ev sahibliyi edəcək

 

Son illər ölkəmizdə kitab sənəti, nəşriyyat-poliqrafiya işi yeni mərhələyə qədəm qoyub. Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, o cümlədən artıq ənənə halını alan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sahənin inkişafı ilə yanaşı, kitabın təbliğinə, mütaliəyə kütləvi marağın artmasına zəmin yaradır. 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən beynəlxalq sərgi-yarmarka eyni zamanda yerlixarici nəşriyyatların təcrübə mübadiləsinə, yeni işgüzar əlaqələrə imkanlar açır.

16-18 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bakı İdman Sarayında reallaşacaq tədbirə ölkəmizin 100-dək nəşriyyat və müəssisəsinin, eləcə də xarici ölkələrdən 30-dək nəşriyyat-poliqrafiya təşkilatı və milli kitabxanaların qatılacağı gözlənilir. Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklər də öz ölkələrinin kitab nümunələrini nümayiş etdirəcəklər.

Beynəlxalq sərgi-yarmarkanın müxtəlif tədbirlərlə zəngin proqramı var.

Sentyabrın 16-da əvvəlcə sərgi-yarmarka ilə bağlı mətbuat konfransı, sonra (saat 16) təntənəli açılış mərasimi keçiriləcək. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin ekspozisiyasının təqdimatı olacaq.

Sərgi-yarmarka növbəti iki gün səhər saat 10-dan kitabsevərlər üçün açıq olacaq.

17 sentyabrda tədbir çərçivəsində “Əlağa Vahid. Qəzəllər” (tərtibçi rəssam Fəxrəddin Əli) kitabının təqdimatı keçiriləcək. Təqdimat “Sözləri Vahidindir” adlı muğam dəqiqələri ilə müşayiət olunacaq.

Həmin gün yerlixarici ölkə nəşriyyatlarının işgüzar toplantısı, ALİSA - mərkəzləşdirilmiş elektron kitabxana sistemi proqramının təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Ultra Technologies" şirkəti tərəfindən hazırlanan proqramın tətbiqi 2013-cü ildə başlanıb. Bir neçə aydır ki, Azərbaycan Milli Kitabxanasında bu proqramla bağlı region kitabxanalarının əməkdaşları üçün treninq kursları keçirilir.

Bundan əlavə, 17 sentyabrda sərgi-yarmarkada “Yazıçı və şairlərimizi dünyaya tanıdaq” seriyasının təqdimatı, habelə stendlər önündə müxtəlif təqdimat və imza mərasimləri olacaq.

Sərgi-yarmarkanın sonuncu günü Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatının laureatları ilə görüş, bir sıra xarici kitabxanalarla Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq protokollarının imzalanma mərasimləri, “Azərbaycanda caz” (“Jazz in Azerbaijan”) kitabının təqdimatı təşkil olunacaq. Sonda mükafatlandırma və rəsmi bağlanış mərasimi keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 6.