Dünyanın kitab yarmarkaları

 

Dünyada texniki üsulla kitab çapının meydana gəldiyi ilk vaxtlardan bu çap nümunələrinin satışı da təşəkkül tapmağa başlayıb. Hələ XVI-XVII əsrlərdə kitab çapının vətəni Almaniyada - Frankfurt və Leypsiqdə yarmarkalar təşkil edilirdi. Bugünkü kitab yarmarkalarının tarixi isə 1949-cu ildə təşkil olunan Frankfurt yarmarkasından hesablanır.

Hazırda dünyanın müxtəlif ölkələrində beynəlxalq kitab satış-sərgiləri keçirilir. Onların arasında Frankfurt yarmarkası öz möhtəşəmliyi ilə xüsusi seçilir. Hər ilin oktyabrında təşkil olunan Frankfurt yarmarkası dünyanın nəhəng kitab bazarı hesab olunur. Ümumi ekspozisiya sahəsi 172 min kvadratmetr olan yarmarkada dünyanın 100-dən çox ölkəsindən kitablar nümayiş etdirilir.

Hər ilin yanvar-fevralında keçirilən Qahirə kitab sərgisi də Misirdəki son istiqrarsızlıq dövrünədək dünyanın ən böyük kitab bayramlarından sayılırdı.

Bundan əlavə, İstanbul, Leypsiq, London, Paris, Kvebek, Buenos-Ayres, Moskva, Sankt-Peterburq, Minsk, Vilnüs, Əbu-Dabi, Pekin, Budapeşt - ümumilikdə dünyanın 30-dan çox şəhərində beynəlxalq kitab sərgi-yarmarkaları keçirilir. 2009-cu ildən Azərbaycan paytaxtı da bu sıraya qoşulub.

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 14.