Kitab uşaq üçün ən dəyərli hədiyyədir

 

50 yaşlı Respublika Uşaq Kitabxanası sərgi-yarmarkada zəngin stendlə iştirak edir

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirak edir. Kitabxananın direktoru Şəhla Qəmbərova deyir ki, tədbirdə iştirak etməkdə əsas məqsədləri uşaq və gənclərin kitaba olan marağını daha da artırmaq, oxucularımızı kitabxana fondunda son illərdə daxil olan Azərbaycan və dünya uşaq ədəbiyyatı ilə tanış etməkdir: “Sərgi-yarmarkanın ikinci günündə, 17 sentyabrda kitabxanamızın 50 illik yubileyi ərəfəsində “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası adı altında nəşr olunmuşİlyas Tapdıq” biblioqrafiya kitabının təqdimatını keçirəcəyik. Uşaqların sevimli müəllifi haqqında nəşrin ön sözünün müəllifi professor Zahid Xəlil kitab haqqında məlumat verəcək. Həmçinin müəlliflə görüşimza saatı da təşkil olunacaq”.

Direktorun sözlərinə görə, sərgi-yarmarkada müxtəlif mövzuları əhatə edən kitablarla yanaşı, kitabxananın yeni nəşrləri də nümayiş olunacaq.

Müsahibim kitabxana işində tətbiq olunan yeniliklərdən də söz açdı. Bildirdi ki, 2005-ci ildən kitabxanada “Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi” fəaliyyət göstərir. Bu şöbədə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqların yaradılması prosesi müvəffəqiyyətlə davam etdirilir. 2009-2014-cü illər ərzində elektron kataloqa 119 min 932 nüsxə kitab, ”Qızıl fond” bazasına 386 kitab, ”Retro” bazasına 19 min 993 adda, elektron kartotekaya isə 60 min 865 yazı daxil edilib. Kitabxananın saytında “Səsli nağıllar” rubrikasında 50-dən çox kitab var.

Son illər “Uşaq kitab karvanı” layihəsi çərçivəsində rayonlarda səyyar kitab sərgiləri təşkil edilir. Kitabxana həmin layihəni bu ilin payızında şimal bölgəsində gerçəkləşdirmək niyyətindədir.

Kitabxananın təsis etdiyiGöy qurşağı” uşaq jurnalının fəaliyyəti də təqdirəlayiqdir. Nəşr məktəblilərin dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik hisslərinin daha da güclənməsində, təhsil marağının artmasında böyük rol oynamaqla önəmli səciyyə daşıyır. Direktor ümidvar olduğunu bildirdi ki, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası əlamətdar hadisə kimi, uşaq ədəbiyyatının təbliğinə, oxucuların bu sahədə yeni nəşrlərlə tanışlığına və eləcə də yeni layihələrə zəmin olacaq.

 

H.Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 13.