Mülki aviasiya haqqında nəşrlərin nümayişi

 

Azərbaycan Milli Aviasiya Akademiyasının kitabxanası Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında artıq ikinci dəfədir iştirak edir. Kitabxananın məsul katibi Mirvari Cəfərova bildirir ki, kitabla bağlı keçirilən hər bir tədbir təqdirəlayiq haldır: “Bu sərgi-yarmarka həm də böyük kitab bayramıdır. Müasir informasiya cəmiyyətində kitabın öz əhəmiyyəti var. Azərbaycan müstəqillik qazandıqdan sonra milli kitab təfəkkürü formalaşmağa başlamış, bu sahə ilə bağlı qanunlar qəbul olunmuş, kitab-nəşriyyat işi mühüm inkişaf yolu keçmişdir. Bütün bunların nəticəsi kimi bu gün ölkəmizdə çox sayda nəşriyyatlar, poliqrafiya müəssisələri fəaliyyət göstərir.

M.Cəfərova sərgi-yarmarkaya 150-dən artıq kitabla qatılacaqlarını deyir: “Təqdim edəcəyimiz kitablar akademiyanın müəllimlərinin yazdıqları dərsliklər, aviasiya haqqında bilikləri özündə cəm edən ədəbiyyat nümunələridir”.

Həmsöhbətim qeyd edir ki, hər bir müəssisə sərgidə iştirakı ilə yeni tanışlıqlar və tərəfdaşlar qazanır: “İnanıram ki, budəfəki sərgi də öz təşkilatçılığı və səviyyəsi ilə yaxşı mənada fərqlənəcək. Bütün sərgi iştirakçılarına uğurlar arzulayır, bu cür tədbirlərin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk”.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 11.