Mədəniyyət
və İncəsənət Universiteti sərgidə
100 adda kitabla iştirak edir
Paytaxtımızın ev sahibliyi edəcəyi IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmizin nəşriyyat-poliqrafiya müəssisələri ilə yanaşı, müxtəlif elm və təhsil qurumlarının da nəşrləri nümayiş olunacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbiyyat və Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli kitabla bağlı belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini müsbət hal kimi dəyərləndirir. Onun sözlərinə görə, sərgi-yarmarka bu sahədə çalışan insanlarla fikir mübadiləsinin aparılması, birbaşa ünsiyyətin qurulması baxımdan əhəmiyyətlidir. Belə tədbirlər nəşriyyat işi ilə tanışlıq baxımından da faydalıdır: “Xüsusilə də gənclərin sərgi-yarmarkaya marağı böyük olmalıdır. Xarici ölkələrdə olduğu kimi, bizim vətəndaşlar da belə əhəmiyyətli tədbirlərdən faydalanmalıdırlar”.
Həmsöhbətim qeyd etdi ki, ADMİU sərgidə 100-dək adda kitabla təmsil olunacaq. Bu sıraya təhsil ocağının professor-müəllim heyətinin kitabları, bədii nəşrlər və tədris vəsaitləri daxildir: “2013-cü ildə keçirilən üçüncü sərgi-yarmarkada universitetimiz fəxri fərmanla təltif edildi. Bu il nümayiş olunacaq kitablar təhsil ocağının öz nəşrləridir və son üç ildə çap edilən kitablardan ibarətdir. Nəşrlər sırasında dərsliklərdən əlavə, dünya əhəmiyyətli əsərlər də az deyil”.
L.Hüseyn
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 11.