“Xalq
bank”dan mədəni
irsimizə töhfələr
“Xalq
bank”ın “Xalq əmanəti”
seriyasından olan nəşrləri
artıq bir neçə ildir
ki, ölkəmizdə kitab
sənəti sahəsində özünəməxsus yer tutub. IV Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında da “Xalq əmanəti”
seriyasından kitablar nümayiş
etdiriləcək.
Bu barədə suallarımızı cavablandıran bankın reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Eynullayev bildirdi ki, “Xalq bank” 2010-cu ildən başlayaraq xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədilə “Xalq əmanəti” mədəniyyət layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir. Bu da adımızın məsuliyyətini dərk edərək xalq əmanətinin qorunub gələcək nəsillərə ötürülməsinə kiçik bir töhfəmizdir”.
E.Eynullayev qeyd edir ki, “Xalq əmanəti” seriyasından olan kitablar hədiyyəlikdir, bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu illər ərzində “Xalq əmanəti” seriyasından Azərbaycan, ingilis və rus dillərində 12 kitab çapdan çıxıb.
Artıq ikinci dəfədir ki, bu sərgi-yarmarkada iştirak edəcəklərini deyən həmsöhbətim bu cür tədbirlərin keçirilməsinin kitaba marağın artırılması və eyni zamanda milli-mənəvi xəzinəmizi dünyaya tanıtmaq baxımından əhəmiyyətinin böyük olduğunu deyir.
Qeyd edək ki, “Xalq
əmanəti” layihəsi çərçivəsində xalq rəssamları Böyükağa
Mirzəzadə, Maral Rəhmanzadə,
Mikayıl Abdullayev, Səttar Bəhlulzadə,
görkəmli rəssamlar Xalidə Səfərova və Mahmud Tağıyev, Vəcihə Səmədova
və başqalarının əsərlərindən ibarət
sərgilər təşkil olunub, bədii
albomlar nəşr edilib.
Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və Mikayıl Müşfiqin
əsərləri və görkəmli alim-numizmat
Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı
işıq üzü görüb.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 10.