Sərgi-yarmarkanın tərcümə
nəşrləri
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına fəal qatılan təşkilatlardan biri də Nazirlər Kabineti yanında Tərcümə Mərkəzidir. Mərkəzin sərgiyə məsul şəxsi, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Şahin Ələsgərov bildirdi ki, qurum olaraq bu günə kimi Praqa, Turin, Budapeşt, London, İstanbul, Minsk, Qahirə və Moskvada keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak ediblər.
Onun sözlərinə görə, hazırda Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində bir sıra layihələr üzərində çalışır: “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” kitabını bir neçə dildə nəşrə hazırlayırıq. Rus dilinə çevrilmiş bu ikicildliyin Moskvada təqdimatı, ərəb dilində Qahirədə nəşri və təqdimat mərasiminin keçirilməsi gözlənilir. XX və XXI əsr Azərbaycan ədəbiyyatının seçmə şair və yazıçılarının əsərlərinin yer aldığı bu kitabın hazırda ingilis, alman və türk dillərinə tərcüməsi üzərində iş gedir”.
Həmsöhbətim Tərcümə Mərkəzinin IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif mövzulu kitablarla qatıldığını deyir. Stenddə Tərcümə Mərkəzinin nəşrlərindən Matilda Urrutia “Pablo Nerudayla yaşanan ömür”, Xuan Rulfo “Pedro Paramo”, “Xilas yolunun yolçuları”, “Bəşəri poeziya”, “Latın Amerikası romanı”, Akutaqava Rünoske “Tanrıların istehzası”, Ernest Heminquey “Qadınsız kişilər”, Jasmina Mixayloviç “Xəzər dənizinin sahillərində”, “Serbcə - Azərbaycanca lüğət”, Oljas Süleymenov “Az-Ya”, “Şamlar” (Azərbaycan poeziyası ingilis dilində), “Çexovdan Markesə qədər”, Patrik Modiano - “Seçilmiş əsərlər”, eləcə də “Xəzər” dünya ədəbiyyatı jurnalı və digər nümunələr təqdim ediləcək: “İnanırıq ki, budəfəki sərgi də digərləri kimi qarşılıqlı əməkdaşlıq baxımından öz səmərəsini verəcək”.
Lalə Hüseyn
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 9.