Akademik teatrın mövsüm planları müzakirə olundu

 

Yeni teatr mövsümünün açılışı ərəfəsində Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru vəzifəsinə təyin olunmuş Xalq artisti Azərpaşa Nemət sentyabrın 11-də bu statusda ilk mətbuat konfransını keçirdi, teatrın yaradıcılıq planları barədə ətraflı məlumat verdi.

 

Qeyd etdi ki, teatr son illərin ənənəsinə uyğun olaraq yeni mövsümü sentyabrın 18-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında Xalq artisti Mərahim Fərzəlibəyovun hazırladığı “Qarabağnamə” tamaşası ilə açacaq. Yeni mövsümdə bir sıra tamaşaların hazırlanması, eləcə də teatrın beynəlxalq festivallarda, xarici qastrol səfərlərində iştirakı gözlənilir.

Baş rejissor 19-26 noyabr tarixində Belarusun paytaxtı Minskdə Gənclərin II Beynəlxalq Teatr Forumunun keçiriləcəyini bildirdi. Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının və Çexov festivalının təşkilatçılığı ilə iki ildən bir keçirilən foruma keçmiş Sovet İttifaqından nümayəndə heyətləri qatılacaq. Tədbirdə Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə iştirak edəcək. Forum günlərində 13 ölkədən gənc teatrşünaslar, dramaturqlar, rəssamlar və rejissorların iştirakı ilə dəyirmi masalar, ustad dərsləri, seminarlar keçiriləcək.

Azərpaşa Nemət “Məktəb və teatr” layihəsi haqqında da məlumat verərək uğurlu aksiyanın cari mövsümdə də davam etdiriləcəyini dedi. Qeyd olundu ki, layihə məktəblilərin teatra cəlb olunmasını, məktəblərdə teatr sənətinin təbliğini, həmçinin məktəblərdə dram, qiraət dərnəklərinin təşkilini nəzərdə tutur. Ötən illər ərzində Akademik Milli Dram Teatrının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi bu layihə çərçivəsində Bakıda fəaliyyət göstərən 130-dək məktəbin rəhbərləri ilə görüş keçirilib, teatr-məktəb münasibətlərinin daha sıx qurulması üçün müştərək işlər müzakirə olunub.

Teatrda yaradıcı mühit barədə danışan A.Nemət təyinatdan sonra truppanın əksər üzvləri ilə ayrılıqda görüşdüyünü dedi: "Aktyorların hamısı ilə yaxşı münasibətlərimiz var. İnanıram ki, çoxlu gözəl tamaşalar ərsəyə gətirəcəyik. Yararsız tamaşalar repertuardan çıxarılacaq. Onların yerinə yeni tamaşalar hazırlanacaq. Keçmiş illərdə səhnələşdirilmiş bəzi əsərlər yeni quruluşda repertuara qayıda bilər. Bir məsələni də vurğulayım ki, hər bir teatrın fəaliyyətinin məqsədyönlüyü müxtəlif dövrlərdə buya digər rejissorun adı ilə bağlanıb. Mənim sənət müəllimlərimdən biri, görkəmli rejissor, vaxtilə bu teatrın baş rejissoru olmuş Tofiq Kazımov deyirdi ki, XX əsr kosmos əsri olmaqla yanaşı, həm də rejissor əsridi. Mən onun bu fikrinin, peşəsinə yanaşma tərzinin davamçısı olaraq çalışacağam ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru olduğum müddətdə bu teatr "Azər Paşanın teatrı" adını qazansın..."

O həmçinin teatrda Xalq artisti, Dövlət mükafatları laureatı Tofiq Kazımovun adına teatr-studiyası yaradılacağını dedi: “Studiyada ancaq gənclər toplanacaq və yaradıcılıqla məşğul olacaqlar”.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 8.