Ümumdünya Turizm Təşkilatı
Baş Assambleyasının sessiyası keçirilir
Sessiyada mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir
Sentyabrın 12-də Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının əsas orqanı olan və hər iki ildən bir keçirilən Baş Assambleyanın 21-ci sessiyası işə başlayıb. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə ölkəmizin Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov daxildir.
Tədbirin ilk günlərində BMÜTT-nin Avropa üzrə Regional Komissiyanın 59-cu iclası və İcraiyyə Şurasının 101-ci sessiyası keçirilib. Qeyd edək ki, Azərbaycan hazırda İcraiyyə Şurasının üzvüdür.
Sessiya çərçivəsində BMÜTT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə birgə forumu da gerçəkləşib. BMÜTT-nin baş katibi Taleb Rifainin iştirakı ilə keçirilən forumda turizm və aviasiya arasında olan əlaqənin möhkəmləndirilməsi, çətinliklərin müəyyən edilməsi və həlli yolları müzakirə olunub.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək bu məsələnin turizmin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycan Prezidentinin tapşırığı ilə bu il həyata keçirilən hava uçuşlarında yeni qiymət siyasətindən bəhs edib və görülən işlərin turizmə müsbət təsir edəcəyini bildirib. Çıxışının sonunda Nazim Səmədov aviasiya və turizm sahələrinin əməkdaşlığına dair təlimlərin keçirilməsini və müxtəlif təcrübələri əks etdirən məlumat materiallarının yaradılmasını təklif edib.
Sessiya çərçivəsində nazir müavini Nazim Səmədov Portuqaliyanın iqtisadiyyat naziri Antonio Pires de Lima, Slovakiyanın dövlət katibi Frantisek Palko, Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Monakonun Dövlət Turizm Administrasiyası baş katibinin müavini Guy Antognelli, Braziliya mədəniyyət nazirinin müavini Alberto Alves, İspaniyanın turizm üzrə dövlət katibi İsabel Borrego, Çexiyanın regional inkişaf naziri Karla Slechtova, Seyşel Adalarının mədəniyyət və turizm naziri Alain St. Ange, Litvanın iqtisadiyyat naziri Evaldas Gustas ilə görüşlər keçirib.
BMÜTT Baş Assambleyasının 21-ci sessiyası sentyabrın 17-dək davam edəcək.
Qurumun İcraiyyə
Şurasına rəhbərliklə bağlı səsvermə
də həmin gün keçiriləcək.
Bununla bağlı ölkəmiz namizədliyini
irəli sürüb.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 7.