Mədəniyyət mərkəzləri və filiallarının rəhbərləri üçün səyyar seminar

Ölkəmizdə qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi hazırlanıb. Bununla əlaqədar həyata keçirilən islahatlar Şəki və Lənkəran şəhər, habelə Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarının klub müəssisələrinin fəaliyyətinə öz müsbət töhfəsini veribdavam etdirilməkdədir.

Layihənin müsbət nəticəsi nəzərə alınmaqla aparılan islahatların davam etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 29 aprel 2015-ci il tarixli əmrinə əsasən, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Goranboy, Göyçay, Hacıqabul, Xızı, İmişli, Kürdəmir, Qax, Qobustan, Quba, Qusar, Laçın, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab rayonlarında mədəniyyət mərkəzləri yaradılıb. Bu sahədə işin təşkili ilə bağlı mədəniyyət mərkəzlərinin rəhbərləri üçün səyyar treninq-seminar keçirilir.

Sentyabrın 12-də Masallıda təşkil edilmiş seminarda Cəlilabad, Masallı, Astara, Lənkəran, Lerik və Yardımlı rayon mədəniyyət mərkəzlərinin direktorları, metodistləri və aparıcı mədəniyyət evləri və klubların rəhbərləri iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən seminarda nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” strategiyası, nümunəvi əsasnaməsinin tətbiqi, məlumat, davamiyyət və qeydiyyat kitablarının tərtibi qaydaları və digər mövzularda ətraflı məlumat verib.

Nazirliyin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun aparıcı məsləhətçisi Vüqar Məmmədov mədəniyyət mərkəzlərinin fəaliyyətlərinin təşkili ilə bağlı həyata keçirilən işlər barədə çıxış edib.

Mədəniyyət mərkəzlərinin direktorlarına növbəti mərhələdə görüləcək işlərə dair tapşırıqlar verilib.

 

Mədəniyyət.- 2015.-  16 sentyabr.- S. 6.