“Beynəlxalq
kitab sərgiləri Azərbaycan reallıqlarının
dünyaya açılan pəncərəsidir”
Kərim
Tahirov,
Azərbaycan
Milli Kitabxanasının direktoru,
Əməkdar
mədəniyyət işçisi, professor
Müdriklər “Kitab
böyük qüvvədir”, “Kitab həyatın
aynasıdır” deyiblər. Doğrudan da, bəşəriyyətin
ən mütərəqqi kəşfi olan kitab insanları mənən
zənginləşdirir, əqidəsini və həyat yolunu
formalaşdırır. İnternetin və
müxtəlif sosial şəbəkələrin populyar
olduğu bir zamanda kitab (istər ənənəvi, istərsə
də elektron kitab) strateji əhəmiyyətini itirməmişdir.
Ölkələr arasında kitab mübadiləsinə
ehtiyatla yanaşılır, bu işə ciddi nəzarət həyata
keçirilir, xüsusilə gənclərin mütaliəsinə
diqqət yetirilir.
Əgər illər öncə dünya miqyasında cəmi
3-4 geniş əhatəli beynəlxalq kitab sərgisi təşkil
olunurdusa, hazırda onlarla belə sərgi keçirilir. Əgər 10-15 il əvvəl Azərbaycan hər il
iki-üç beynəlxalq kitab sərgisində iştirak edə
bilirdisə, bu gün ölkəmiz hər il 10-dan artıq kitab
sərgisində təmsil olunur. Ölkəmiz Frankfurt,
İstanbul, London, Moskva, Tehran, Budapeşt, Praqa, Tehran və s.
beynəlxalq kitab sərgilərində uğurla iştirak
edir.
Beynəlxalq kitab sərgilərində iştirak təkcə
Azərbaycan kitablarının bu sərgilərdə
nümayişi ilə məhdudlaşmır, eyni zamanda kompleks
təbliğat xarakteri daşıyır. Bu çərçivədə
yerli ziyalıların, alimlərin, xarici səfirlərin,
diaspor təşkilatlarının iştirakı ilə
müxtəlif kitab təqdimatları, yubiley tədbirləri,
poeziya saatları və s. təşkil olunur.
Bu gün ölkəmizdə kitab nəşri xeyli
genişlənmişdir və bu kitabların əksəriyyətində
Azərbaycan reallıqları, iqtisadi inkişaf, ölkədə
həyata keçirilən sosial siyasət, milli-mənəvi sərvətlərimizin
mühafizəsi və zənginləşdirilməsi istiqamətində
görülən işlər əksini tapır. Eyni zamanda bu nəşrlərin
beynəlxalq sərgilərdə nümayişi Azərbaycan həqiqətlərinin
təbliği deməkdir. Sərgilərdə
nümayiş etdirilən bütün kitablar tədbir bitdikdən
sonra ya sərgi ziyarətçilərinə pulsuz
paylanılır, ya həmin şəhərlərdə yerləşən
və Azərbaycan ədəbiyyatını tədris edən
universitetlərin kitabxanalarına, ölkəmizin səfirliklərinə,
diaspor təşkilatlarına hədiyyə edilir. Bu nəşrlərdən
il boyu Azərbaycan həqiqətlərinin
təbliği istiqamətində həyata keçirilən tədbirlərdə
geniş şəkildə istifadə olunur.
Təqdimat,
təbliğat ünvanları
Azərbaycanın dünyanın nüfuzlu kitab sərgilərində
mütəşəkkil iştirakı ölkəmizin təbliğatı
ilə yanaşı, bu sahədə mühüm təcrübə
qazanmağımıza töhfə verir. 2013-cü ildə Frankfurt
kitab yarmarkasında ulu öndərin anadan olmasının 90
illiyi ilə əlaqədar Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən nəşr olunan “Heydər
Əliyev adına” fundamental kitab-albomun təqdimat
mərasimi keçirilmişdir. Tədbirdə mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov, Milli Məclisin
üzvləri, Almaniyadakı diaspor təşkilatımızın
rəhbərləri iştirak etmişlər. 2015-ci ilin
aprelində Londonda keçirilən beynəlxalq kitab sərgisi
çərçivəsində “Azərbaycan günü” təşkil
olunmuş, I Avropa Oyunlarının təqdimatı mərasimi
keçirilmiş, ziyarətçilərə ölkəmizlə
bağlı müxtəlif çap məhsulları
paylanılmışdır.
Bu ilin may
ayında Azərbaycan ilk dəfə olaraq İtaliyanın
Turin şəhərində keçirilən ənənəvi
beynəlxalq kitab sərgisində qonaq ölkə kimi
iştirak etmişdir. Sərgi-yarmarka çərçivəsində
“Azərbaycan günü” təşkil olunmuş və ölkəmizə
dair italyan dilində nəşr edilən 10-dan artıq
kitabın təqdimatı keçirilmişdir. Mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyevin İtaliyanın bir sıra nəşriyyatlarının
rəhbərləri ilə ikitərəfli görüşlərində
Azərbaycan kitablarının italyan dilində nəşri məsələləri
müzakirə olunmuşdur. Həmçinin
Franfukt sərgisinin prezidenti və Turin əyalətinin mədəniyyət
naziri ilə görüşlər keçirilmiş, bir
sıra layihələr müzakirə edilmişdir. Bu il London sərgisində də bir Britaniya
şirkəti ilə Azərbaycan Milli Kitabxanası haqqında
kitabın ingilis dilinə tərcüməsi və Londonda nəşrinə
dair razılıq əldə olunmuşdur.
Kitabın təbliği sahəsində həyata
keçirilən əhəmiyyətli tədbirlərdən
biri də beynəlxalq kitab sərgilərinin təşkilidir. Ölkəmizdə
bu təcrübənin əsası 2006-cı ildə
qoyulmuşdur. Həmin ilin sentyabrında
Bakı Əl Oyunları Sarayında “Beynəlxalq rus kitabı
sərgisi” keçirilmişdir. İki
gün davam edən sərgi-yarmarkada Rusiya Federasiyasının
və Azərbaycanın 50-yə yaxın kitab ticarəti
müəssisəsi və nəşriyyat iştirak
etmişdir.
Daha sanballı və əhatəli beynəlxalq kitab sərgisinin
təşkili 2009-cu ildə reallaşmışdır. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab Sərgisi
keçirilmişdir. Sərgidə ölkəmizin
30-dan artıq nəşriyyatı və 15-ə yaxın xarici
ölkənin nəşriyyatları və kitab ticarəti
müəssisələri, milli kitabxanaları öz
ekspozisiyaları ilə iştirak etmişlər. Sərginin bağlanış mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Bakı Beynəlxalq Kitab Sərgisini
ənənəvi elan etmiş və onun iki ildən bir
keçirilməsi barədə qərar qəbul olunduğunu
bildirmişdir.
Bu qərara müvafiq olaraq 2011-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Bakı Əl Oyunları Sarayında II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası reallaşmışdır. Sərgidə
ölkəmizdən 50-dən artıq nəşriyyat və
20-dən çox xarici ölkənin nəşriyyatları və
milli kitabxanası öz ekspozisiyalarını qurmuşdular.
Bu sərgini 30 mindən artıq insan ziyarət
iştirak etmişdir ki, onların da əksəriyyəti gənclər
olmuşdur.
2013-cü ildə keçirilən
üçüncü sərgi əvvəlki iki tədbirin təcrübəsi,
ziyarətçilərin rəy və təklifləri nəzərə
alınaraq “Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”
adlandırıldı. Yəni müvafiq təşkilatlardan
razılıq alınaraq sərgi çərçivəsində
nəşrlərin satışı da həyata keçirildi.
Ölkəmizin nəşriyyatları və xarici ölkələrdən
gələn nəşriyyat və poliqrafiya müəssisələri
kifayət qədər kitab satışına nail ola bildilər. Beləliklə,
beynəlxalq tədbirin sərgi-yarmarka statusu alması nəşriyyatların
diqqətini daha çox çəkmiş oldu və III
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında artıq 80-dən
çox yerli nəşriyyat və 24 xarici ölkə nəşriyyatı
və milli kitabxana iştirak etdi. Sərgi-yarmarkanın
açıq havada və daha geniş məkanda keçirilməsi
ona marağı daha da artırdı və ziyarətçilərin
kütləviliyini təmin etdi. Təxmini
hesablamalara görə üçüncü sərgi-yarmarkanı
50 min nəfərdən artıq insan ziyarət edib.
Bu sərgi həm ziyarətçilərin
çoxluğu ilə, həm də onların sırasında
uşaqların və gənclərin əksəriyyət təşkil
etməsi ilə fərqlənmişdir. Azərbaycan
Milli Kitabxanasının 90 illik yubileyində iştirak etmək
üçün Bakıya gələn və tədbirdə
qonaq kimi iştirak edən Fransa Milli Kitabxanasının
baş direktoru Bruno Rassino və İsveçrə Milli
Kitabxanasının direktoru xanım Mariye Kristina Dofley Prezident
İlham Əliyevin qəbulunda olarkən sərgi-yarmarkada
çoxlu sayda uşağın fəal iştirakından heyrətləndiklərini
söyləmişdilər.
Bakı
yenidən nəşriyyatları
bir araya
gətirir
Bu gün
paytaxtımız IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi edir. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Bakı Əl Oyunları Sarayında keçirilən
bu kitab bayramının da iştirakçı
coğrafiyası genişdir. Sərgi-yarmarkaya
100-dən artıq yerli və 30-dək xarici nəşriyyat
qatılıb.
Ölkəmizdə
keçirilən beynəlxalq kitab sərgilərinin əsas məziyyətlərindən
biri ondan ibarətdir ki, hər il bu tədbirlərdə xarici
ölkələrin milli kitabxanaları öz mədəniyyətini,
incəsənətini, ədəbiyyatını, tarixini və
ictimai həyatını əks etdirən hər biri 100-140
nüsxə kitabdan ibarət ekspozisiyalarla iştirak edirlər.
Sərgidə iştirakın şərtlərinə
görə həmin kitabxanalar tədbir başa
çatdıqdan sonra nümayiş etdirdikləri bütün
kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edirlər.
Bundan da, təbii ki, Azərbaycan oxucusu
qazanır, kitabxanamızın fondu zənginləşir.
Kitab sərgilərinin digər bir əhəmiyyətli tərəfi
ondan ibarətdir ki, sərgiyə qatılan milli kitabxanalar
öz fondlarında mühafizə olunan ölkəmizə dair
qiymətli materialların surətlərini və yaxud elektron
versiyalarını da Azərbaycana hədiyyə edirlər. 2013-cü ildə
keçirilən III Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Sankt-Peterburqdakı Prezident Kitabxanası öz fondunda
mühafizə olunan çar Rusiyası Dəftərxanası
Arxivində Azərbaycana dair qiymətli arxiv
materiallarının tam komplektinin elektron versiyasını Azərbaycan
Milli Kitabxanasına hədiyyə etmişdir. Həmin il Çexiya Milli Kitabxanasının direktoru həmin
kitabxananın fondunda saxlanılan Nizami Gəncəvinin və
Məhəmməd Füzulinin AMEA-nın Əlyazmalar
İnstitutunun fondunda olmayan əlyazmalarının faksimilesini
bizim kitabxanaya bağışlamışdır.
“Azərbaycan
inciləri dünya
kitabxanalarında”
Budəfəki sərgi-yarmarka çərçivəsində
Milli Kitabxanada “Azərbaycan inciləri dünya
kitabxanalarında” mövzusunda geniş kitab sərgisinin təşkili
nəzərdə tutulmuşdur. Burada nümayiş olunmaq
üçün Rusiya Milli Kitabxanası öz fondunda
mühafizə olunan Azərbaycana dair qiymətli xəritələrin,
şəkillərin, açıqcaların, ayrı-ayrı
kitabların faksimilelərini bizə təqdim etmişdir və
sərgi zamanı Rusiya Milli Kitabxanasının direktoru həmin
materialların və fondlarında olan digər kitab və əlyazmaların
elektron versiyasından ibarət diskləri kitabxanamıza hədiyyə
edəcək.
Bakıda keçirilən beynəlxalq kitab sərgiləri
Azərbaycan Milli Kitabxanası ilə xarici ölkələrin
milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin
genişlənməsinə də zəmin yaradır. Xarici ölkələrin
milli kitabxana direktorları ilə görüşlər
keçirilir, ikitərəfli və çoxtərəfli
layihələr müzakirə olunur, müvafiq qərarlar qəbul
olunur, təcrübə mübadiləsi həyata
keçirilir. Əksər hallarda isə bu
görüşlər və müzakirələr
qarşılıqlı əməkdaşlığa dair
müqavilələrin, niyyət protokollarının,
memorandumların imzalanması ilə başa çatır.
IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
isə Bosniya və Herseqovina Milli Kitabxanası və Tacikistan
Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa
dair memorandumun imzalanması nəzərdə tutulmuşdur. Sentyabrın
15-də isə Çin Milli Kitabxanası ilə ikitərəfli
qarşılıqlı əməkdaşlıq barədə
memorandum imzalanmışdır.
Göründüyü
kimi, ölkəmizdə keçirilən beynəlxalq kitab sərgilərinin
əhəmiyyəti təkcə kitab nümayişi və
kitab satışı ilə məhdudlaşmır, kitabxana
işi sahəsində beynəlxalq əməkdaşlığa
geniş üfüqlər açır, faydalı təcrübə
mübadiləsinə rəvac verir, Milli Kitabxananın fondunun
zənginləşməsinə kömək edir və beynəlxalq
miqyasda inteqrasiyanı gücləndirir. Bu sərgilərin
təşkilindən hər kəs - həm ziyarətçilər
və oxucular, həm alimlər və ziyalılar, həm də
kitabxanalar və nəşriyyatlar qazanırlar.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 5.