Bakı Turizm Peşə Məktəbinə bu il 440 şagird
qəbul olunub
Sentyabrın 15-də yeni tədris ilinin başlaması və “Bilik günü” Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində də qeyd olundu. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin ikinci korpusunda təhsil alan tələbələr də iştirak edirdi.
Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova çıxış edərək məktəbin fəaliyyəti və gələcək planlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, məktəb turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir. Bu il məktəbə 440 şagird qəbul olunub.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov Bakı Turizm Peşə Məktəbindən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırdı. Məktəbdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığının turizm sənayesinin gələcəyinə təsirindən danışan C.Cəfərov mövcud ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi və yeni ixtisasların yaradılmasının müvafiq araşdırmalara, eləcə də turizm sektorunun tələblərinə uyğun aparılmasının əhəmiyyətini vurğuladı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasim iştirakçılarını yeni tədris ilinin başlaması münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən məktəbi ötən tədris ilində 12 ixtisas üzrə 387 nəfər bitirib. Gələcəkdə ölkəmizin regionlarında turizm peşə məktəbləri şəbəkəsinin yaradılması da nəzərdə tutulub.
Sonda nazir məktəbin ötənilki məzunlarına diplomlar və Azərbaycan Turizm və Menecment Universitetinə yüksək balla qəbul olunan tələbələrə tələbə biletlərini təqdim etdi.
Fariz
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 3.