Ömrümün sazında tellər ağladı”

 

Yaradıcılığı xalq ruhuna yaxın olan, onun dərd-sərini ifadə edən şairlərin əsərləri həmişə dillər əzbərinə çevrilib. Borsunlu Məzahir Daşqın da mənalı, məzmunlu şeriyyəti ilə xalqın sevimlisi olub, keşməkeşli taleyi və təsirli misraları ilə yaddaşlarda iz qoyub.

 

Məzahir Həmzə oğlu Axundov 1909-cu ildə Tərtər rayonunun İncə Borsunlu kəndində dünyaya göz açıb. Erkən çağlardan poeziyaya maraq göstərir. Aşıq yaradıcılığı onu daha çox cəlb edir. İbtidai təhsili başa vurduqdan sonra Bakıda fəhlə gənclər məktəbində oxuyur. Son kursda ikən atası həbs olunur. Buna görə məktəbdən çıxarılır. Kor-peşman doğulduğu yurda qayıdır. Sonra Gəncəyə üz tutur, “Qızıl Gəncə” jurnalında şeirləri dərc olunur. Yaradıcılığı Xalq şairi Səməd Vurğunun diqqətini cəlb edir. Bir müddət sonra böyük şairlə görüşür və yaxın dosta çevrilirlər.

İkinci Dünya müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. Sovet qoşunları tərkibində İranda olur. Orada aşıq Hüseyn Cavanla görüşür, aşıq Gülgəzin saz-söz məclisində yaxından iştirak edir. Onunİran səfəri” şeirlər silsiləsi elə bu zaman yaranır.

1942-ci ildə ön cəbhəyə göndərilir. Krım cəbhəsində ağır döyüşlərin birində əsir düşür. Şimali Afrikaİtaliyaya aparılır, hərbi düşərgələrdə işgəncələrə məruz qalır. Müharibə qurtaranda o da əsrlikdən azad olunur. Vətənə qayıdır, lakin əsir düşdüyü üçün “vətən xainielan olunur. 10 il həbsə məhkum edilir, sonra Sibirə sürgün olunur. O vaxtdan şeirlərini “Daşqın” təxəllüsü ilə qələmə almağa başlayır.

1956-cı ildə bəraət alan şair vətənə dönür. Ömrünün sonuna kimi nəzarət altında yaşayır. Şeirləri mətbuatda ara-sıra dərc olunsa da, əsərlərinin çapına və ictimai tədbirlərdə şair kimi çıxış etməsinə imkan verilmir. Lakin yaradıcılığı xalq tərəfindən sevilir, şeirləri əldən-ələ gəzir və el şənliklərində aşıqların dilinin əzbəri olur.

Məzahir Daşqın bir müddət Respublika Xalq Yaradıcılığı Evində ictimai əsaslarla metodist vəzifəsində çalışır. Sonradan ömrünün axırınadək Gəncə Xalq Yaradıcılığı Evində folklor şöbəsinin müdiri işləyir.

1970-ci illərdə Gəncə Xalq Yaradıcılığı Evinin direktoru işləyən professor Bağır Bağırov jurnalist Əhməd İsayevə müsahibəsində bu barədə deyib: “Folklor şöbəsi boş idi. Adam axtarırdıq, Məzahir Daşqının gəlişi göydəndüşmə idi. Dedim gedin evə, bir-iki gündən sonra gələrsiniz. Harada haqqında söz açdımsa... dedilər ki, bəs atası xalq düşməni, özü əsir və vətən xaini... Məsləhət gördülər ki, təhlükəsizlik komitəsi rəisinin yanına gedim. Getdim və söhbət uzun çəkdi. Son sözü bu oldu ki, istəyirsən işə götür. Amma şeirlərinin çapına, kütlə qarşısında çıxışlarına yol, imkan vermə...”

Şair o ağrılı-acılı günləri belə xatırlayıb: “Tale başıma min oyun açdı. Orada zülm, burada zillət. Qayıdanda heç anam ilə də görüşə bilmədim, həbs olundum. Mingəçevirdə həbsxanada olanda Səməd Vurğun yanıma gəldi. Bakı həbsxanasında da axtarıb tapdı məni. Bir dəfə kostyum gətirmişdi. Əynimə olmadı. “Borclu borclunun sağlığını istər”, - deyib bir dostuma bağışladı”.

Məzahir Daşqın 1954-cü ilin dekabrında Qorki vilayətində sürgün həyatı yaşamaqda idi. Həmişə “xalq düşməni” deyə onunla sərt rəftar edən nəzarətçi bu dəfə yumşaq əda ilə yanına çağırır, mülayim səslə deyir:

- Şair, sənə bağlama gətiriblər. Bax, gör nədir? Şair çaşıb qalır. Nə cavab verəcəyini bilmir. Susurçiynini çəkir. Nəzarətçi iri bir bağlamanı ona uzadır. Məzahir nəzarətçinin gözü qarşısında bağlamanı açır. Yeməklər, bir cüt isti corab və keçəüzlü ayaqqabı...

Sonra nəzarətçidən öyrənir ki, Aleksandr Fadeyevlə gələn Səməd Vurğun olub. O, Səməddən soruşub:

- Bu necə şairdir ki, üstündə bir belə əsirsən? O da cavab verib: - Mənim kimi...

Gün gəlir, qara kölgələr yavaş-yavaş çəkilir sular durulmağa başlayır. Elə bil, şair hiss edib ki, azadlığa çıxacaq, doğma vətənə qayıdacaq yaxınlarına qovuşacaq.Eydirrədifli qoşmasını bu zaman qələmə alır:

 

Şair, qürbətlərdə bağrın oldu qan,

Qayıdıb vətənə gəlməyin eydir.

yada sirr vermə, qılma pünhan,

Dərdini qələmlə bölməyin eydir.

 

1956-cı ilin 23 iyulunda Məzahir Daşqının gəldiyi qatar Bakıya çatır. O, qatardan düşən kimi birbaşa Yazıçılar İttifaqına gedir. Qarşılaşdığı bir nəfərdən soruşur:

- Görəsən, Səməd Vurğun buradadırmı? Onu necə tapa bilərəm?

O şəxs duruxur, təəccüblə baxır astaca cavab verir:

- Səməd Vurğun iki ay olar ki, rəhmətə gedib... Məzahir Daşqın gözləmədiyi xəbərdən yerindəcə çaşıb qalır. Birtəhər qarşıdakı bağa keçir. Özünə gələndə bir dəstə gül alır şairin məzarı üstünə gedir.Ağladırədifli məşhur qoşmasını bədahətən elə oradaca deyir:

...Daşqınam, qəbrinə əyilir başım,

Axdı ürəyimə hicranlı yaşım.

Mahir sənətkarım, böyük qardaşım,

Ömrümün sazında tellər ağladı.

 

Məzahir Daşqının yaradıcılığı forma məzmunca rəngarəngdir. O, “Dilənçi Gülzar”, “Nankor övlad zülmün sonu”, “Vicdan əzabı”, “Xırda Xançalpoemalarının müəllifidir. Eyni zamanda qoşma, gəraylı, təcnis, divani, qəzəl müxəmməsləri zəngin poetik çaları ilə seçilir.

Şair 1979-cu il oktyabrın 31-də, 70 yaşında vəfat edib, doğulduğu Borsunlu kəndində dəfn olunub.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 15.