Azərbaycan professional musiqisinin klassiki

Görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə

 

Görkəmli bəstəkar, dirijor, ictimai xadim Müslüm Məhəmməd oğlu Maqomayev Azərbaycan professional musiqisinin klassikidir. Sənətkarın musiqi tariximizdə müstəsna yeri, opera, simfonik musiqi, kütləvi mahnı janrının yaranması və inkişafı sahəsində misilsiz rolu var. O, həmçinin kino və dramatik teatr üçün ilk musiqi yazan bəstəkarlardan biri olmuşdur. Dahi bəstəkar Ü.Hacıbəyli ilə bərabər M.Maqomayev professional musiqiyə XX əsrin əvvəllərində, incəsənətin, o cümlədən musiqi teatrının aktiv inkişaf dövründə gəlmişdi.

 

Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində mədəniyyəti və proqressiv düşüncələri ilə fərqlənən sadə və zəhmətkeş silah dəmirçisinin ailəsində anadan olmuşdur. Maqomayevlərin ailə məclislərində çox zaman həvəskar teatr tamaşaları da oynanılırdı. Bu tamaşalarda musiqiyə böyük yer verilirdi. Parlaq musiqi qabiliyyətinə malik olan Müslümün böyük qardaşı Məhəmməd qarmon və fleyta alətlərində mükəmməl ifa edirdi, rəsm çəkirdi. Musiqi qabiliyyətinə uşaqlıq illərindən malik olan Müslüm erkən yaşından şərq qarmonunda çalmağı öyrənmişdi və bu alətdə xalq mahnılarını böyük həvəslə ifa edirdi.

Müslüm ilk təhsilini Qroznı şəhər məktəbində almışdı. Məktəbi müvəffəqiyyətlə bitirəndən sonra, 1900-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Elə burada tale eyni ildə və gündə anadan olan iki gənci Üzeyir Hacıbəyli və Müslüm Maqomayevi qarşılaşdırdı. Onların əqidə birliyi, nümunəvi dostluğu M.Maqomayevin ömrünün sonuna qədər davam etdi.

Seminariya illərində M.Maqomayev Azərbaycan xalq mahnılarının gözəl melodikliyini, rəqsləri, muğamat və aşiq musiqisinin dəyərini dərk edərək Azərbaycan folklorunu dərindən öyrənməyə başladı. Onun tələbəlik illərində nota köçürdüyü xalq musiqisi işləmələri diploma layiq görülmüşdü. Müslümün ilk bəstəkar yazıları da həmin vaxtda başlamışdı.

Seminariyanı bitirəndən sonra Müslüm öncə təyinatı Şimalı Qafqazın Bekoviç kəndinə alır, sonra isə Azərbaycanda çalışmaq arzusu ilə 1905-ci ildə Lənkəran şəhərinə gəlir. Burada yaşayan müasirlərin dediyinə görə, o, Lənkəranın mədəni həyatında böyük bir canlanma etmişdi. Ü.Hacıbəyli bu barədə belə yazırdı: “Gənc müəllim böyük təşəbbüs göstərərək müxtəlif özfəaliyyət dərnəkləri yaradır, bütün vaxtını sevimli sənəti olan musiqinin təbliğinə verir”.

Altı il pedaqoji işini Lənkəranda tamamlayan M.Maqomayev öz arzusuna çatır, Bakıya gəlir və Sabunçu məktəblərinin birində müəllimliyə başlayır. Bakıya köçəndən sonra M.Maqomayev Azərbaycan musiqili teatrının fəalları sırasına daxil olur. Bəstəkar opera teatrında iş fəaliyyətini orkestrdə skripka alətində çalmaqla başlamışdır. 1912-ci ildə Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasında Müslümün əvvəlcə dirijor kimi debütü olmuşdu.

Məlum olduğu üzrə Azərbaycan teatrının qurucuları çox çətin və çox acınacaqlı yol keçmişdi. Azərbaycan musiqili teatrının əsasının qoyulmasında Ü.Hacıbəylinin böyük əməyi var idi. O, öz ətrafına Müslüm Maqomayev daxil olmaqla bir çox həmfikirləri toplamışdı.

Öncə Azərbaycan musiqili teatrının təşkilatçısı və dirijoru kimi başlayan M.Maqomayev opera repertuarını yaratmaq uğrunda mübarizə aparır. Həmin dövrdə o “Şax İsmayıl” operasının yaradıcısı kimi də böyük şöhrət qazanır.

“Şax İsmayıl” operasını o, 1913-cü ildə başlamışdı. Ü.Hacıbəylinin yaradıcılıq təcrübəsinə əsaslanaraq Maqomayev özünün ən gözəl və xalq arasında çox populyar olan operasını yaradır.

Operanın premyerası 7 mart 1919-cu ildə uğurla keçdi. Əsərin böyük uğuruna səbəb İsmayıl şah rolunda görkəmli aktyor Hüseynqulu Sarabskinin yaratdığı obraz olmuşdu. Opera böyük dövlət xadimi, şair Şah İsmayıl haqqında dastanın motivlərinə əsaslanır. Operanın librettosunun ilk variantının müəllifi M.K.İsmayılzadə (görkəmli şair Mikayıl Müşfiqin atası) olmuşdu. Lakin librettoda dramaturji nöqsanlar olduğu üçün Maqomayev özü librettoda bir çox düzəlişlər etmişdi.

Beləliklə, Ü.Hacıbəylinin və M.Maqomayevin aktiv fəaliyyəti nəticəsində Azərbaycan musiqi və teatr sahəsində yeni mərhələ başlanır.

Məlum olduğu üzrə, hələ o vaxtlar Üzeyir bəy arzu edirdi ki, Şərq musiqisi də Avropa musiqisi kimi musiqi tarixində öz layiqli yerini tutsun. Maqomayev də Hacıbəyli kimi öz yaradıcılığında müasir bəstəkarlıq yaradıcılığını zənginləşdirən Şərq və Qərb musiqisinin qarşılıqlı sintezi yolu ilə çalışırdı.

1921-ci ildə Maqomayev Azərbaycanda Xalq Maarif Komissarlığının incəsənət bölməsinin rəhbəri, 1924-cü ildə isə Azərbaycan opera teatrının bədii rəhbəri və dirijoru olaraq direktor vəzifəsinə təyin edilir.

1929-cu ildə Maqomayevin fəaliyyətinin diapazonu daha da genişlənir, o, Azərbaycan radio mərkəzinin rəhbəri olur. Geridə qalmış və konservativ adamlarla mübarizə apararaq radionun bədii səviyyəsini artırmağa səy göstərir, radio repertuarını genişləndirməyə çalışır. Milli musiqisinin təbliğinə də o bir sıra yeniliklər gətirir.

Maqomayev klassik musiqisinin təbliğinə də böyük fikir verirdi. O, dinləyiciləri radio vasitəsilə dünya klassikası ilə tanış etməyi özünə borc bilirdi. İnstrumental ansamblların radioda təbliği Azərbaycan xalq çalğı orkestrinin yaranmasına təkan vermişdi. 1932-ci ilə qədər ifaçılar notsuz çalırdılar. Radioda notlu orkestrin yaranması Ü.Hacıbəylinin adı ilə bağlıdır. M.Maqomayev bu işdə ona kömək edirdi və orkestri qısa zamanda professional səviyyəyə qaldırdı.

Həmin vaxt Maqomayev Azərbaycan musiqi folklorunun toplanması məsələsinə də böyük diqqət ayırırdı. 1927-ci ildə onun redaktəsi altında “Azərbaycan türk xalq mahnıları” toplusu çap olunur. Məcmuəyə Ü.Hacıbəyli, Z.Hacıbəyli, M.Maqomayev tərəfindən toplanan mahnılar daxil edilmişdi.

Onu da demək lazımdır ki, M.Maqomayevin arxivində bəstəkar tərəfindən nota salınmış ”Rast” muğamı da var. Muğamı bəstəkar 1928-ci ildə görkəmli Azərbaycan tarzəni Qurban Pirimovun ifasından yazmışdı. Bu, xronoloji baxımdan ilk çapdan çıxmış not muğam yazısıdır.

Müslüm Maqomayev Azərbaycanda kütləvi mahnı janrının ilk müəlliflərindən biri olub. Bu mahnılar içərisində “Mazut ordusu”, “Neft”, “Bizim kənd”, “Aprel”, “Yarış”, “Komsomolçu” və başqalarını qeyd edə bilərik.

Bu dövrdə o, simfonik orkestr üçün bir sıra əsərlər də (“Azərbaycan çöllərində”, “Azad Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Azərbaycan radio marşı”, “Turacı” rəqsi, “Əsgərani” və s.) yazır. Bunların hamısı kiçik formada yazılan simfonik əsərlər idi.

Maqomayevin simfonik partituraları, əfsuslar olsun ki, nə yaşadığı dövrdə, nə də ölümündən sonra çap edilməyib. Lakin onlar təkcə tarixi nöqteyi-nəzərdən yox, bədii xüsusiyyətlərinə görə dəyərli əsərlərdir və Azərbaycanda simfonik musiqinin inkişafına təkan verib.

Bununla yanaşı, M.Maqomayev yaradıcılığının əsasını opera janrı təşkil edir. Bəstəkar milli opera janrının yaranması üçün çox böyük əmək sərf edib.

Melodik zənginliyi, emosional və dramatik kontrastlığı ilə fərqlənən opera “Şah İsmayıl” operası Azərbaycan musiqi teatrının parlaq bir səhifəsidir.

“Şah İsmayıl” operası ilə bərabər, bəstəkar başqa janrlı əsərlər üzərində də fəal çalışırdı. Bəstəkarın arxivində “Xoruz bəy” musiqili komediyası saxlanılır, Azərbaycan kəndinin sinfi mübarizəsini nümayiş etdirən “Dəli Muxtar” baletinin eskizləri var. Həmin illərdə bəstəkar Cəlil Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının ”1905-ci ildə” dramlarına, “Lökbatan”, “Bizim raport”, “Azərbaycan incəsənəti” filmlərinə də musiqi yazmışdı.

Uzun sürən yaradıcılıq axtarışlarından sonra bəstəkar yaradıcılığının ən yüksək nailiyyəti olan “Nərgiz” operasını yazır. Operanın ideyası 20-ci illərin ortalarında bəstəkarın müasir tələblərə uyğun əsər yazmaq fikri ilə bağlıdır. Bu opera ilə bəstəkar milli realistik opera yazmaq axtarışlarını daha da dərinləşdirib.

“Nərgiz” operasının əsasını M.Maqomayevin M.Ordubadinin “Çobanlar” əsərinə yazdığı radio musiqisi təşkil edir. Sonralar uzun müddət işlədikdən sonra onlar operanın librettosunu yaratdılar. Opera üzərində çalışdığı zaman M.Maqomayev ağır xəstə idi. “Nərgiz” operasının premyerası 24 dekabr 1935-ci ildə oldu. Xəstəliyinə baxmayaraq, premyera tamaşasının dirijoru müəllif özü olmuşdu. Operanın premyerası və sonrakı tamaşalar çox böyük uğurla keçdi. Buna misal Bakı, Tiflis, Moskva qəzetlərində çıxan müsbət rəylər idi. M.Maqomayev musiqi xadimləri içərisində ilk bəstəkar idi ki, “Nərgiz” operasına görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü.

1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadasına böyük hazırlıq gedirdi. Proqrama “Nərgiz” operası da daxil edilmişdi. Lakin 1937-ci il iyulun 28-də Maqomayev vəfat etdi. Bəstəkar Moskvada əsərinin uğurunun şahidi olmadı.

“Nərgiz” operası Azərbaycan opera sənətinin uğuru idi. Maqomayev yaradıcılığında isə “Şah İsmayıl”dan sonra “Nərgiz” operasının yüksək sənət mərhələsi kimi tarixi əhəmiyyəti var.

Maqomayevin əsərləri Azərbaycan xalqının musiqi məişətinə orqanik şəkildə daxil olmuşdur. İstedadlı bəstəkarın fədakar yaradıcılıq həyatı, axtarışları, tapıntıları Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfələridir.

Bəstəkarın opera dramaturgiyasının prinsipləri başqa Azərbaycan bəstəkarlarının opera əsərlərində davam etmişdir. Maqomayevin balet yazmaq arzusu başqa bəstəkarların yaradıcılığında uğurla əks olundu və dünya şöhrəti qazandı. Eləcə də simfonik musiqi sahəsində olan fəaliyyəti Azərbaycan bəstəkarlarının müxtəlif janrlı simfonik əsərlərində öz əksini tapdı. Kütləvi mahnı, kino və dram əsərlərinə musiqilər müasir Azərbaycan musiqisinin ən parlaq səhifələrindən biridir.

Ü.Hacıbəyli və M.Maqomayev yaradıcılığına yüksək qiymət görkəmli Azərbaycan bəstəkarı QaraQarayev vermişdir. O deyirdi: “Ü.Hacıbəyli və onun silahdaşı M.Maqomayev Azərbaycan incəsənətində böyük iz qoymuşlar. Hacıbəyli və Maqomayev estafetini Azərbaycan bəstəkarları layiqincə davam etdirirlər”.

 

Zemfira Qafarova,

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 12.