Füzuli rayonunda dahi bəstəkarın 130 illiyi
ilə bağlı tədbirlər
Sentyabrın 18-də dünya şöhrətli bəstəkarımız, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi tamam olur. Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Yubiley ilə əlaqədar respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələrində də tədbirlər təşkil olunur. Horadiz şəhərində yerləşən Muğam mərkəzində rayon Mədəniyyət evinin dram dərnəyi aktyorlarının ifasında “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarından parçalar, Aşağı Yağlıvənd kənd və Horadiz şəhər uşaq musiqi məktəblərinin şagird və müəllimlərinin ifasında böyük bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.
Füzuli rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə görkəmli musiqiçinin əsərlərinin, məqalələrinin, eyni zamanda bəstəkar haqqında yazılmış kitabların və fotoşəkillərin yer aldığı sərgi nümayiş etdirilib.
Elmin İdrisli,
Füzuli rayonu
Aşağı Yağlıvənd kənd uşaq
musiqi məktəbinin direktoru
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 11.