Türk Mədəniyyəti və İrsi Fondu zəngin tariximizi yeni nəsillərə
qazandıracaq
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən sammitində Günay Əfəndiyeva yeni qurumun prezidenti təyin olunub
Xəbər verildiyi kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də
Qazaxıstanın paytaxtı Astanada işgüzar səfərdə olub. Dövlət başçısı Qazax xanlığının 550 illik yubiley mərasimində
və Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının (TDƏŞ) V
sammitində iştirak edib.
Sammitdə qurum daxilində çoxsahəli əlaqələrin inkişaf etdirilməsi, o cümlədən mədəni-humanitar müstəvidə yeni layihələr diqqət mərkəzində olub. Çıxışlarda türkdilli ölkələrdə ortaq türk tarixi fənninin tədrisinin vacibliyi qeyd edilib, birgə elmi tədqiqatların aparılmasında Beynəlxalq Türk Akademiyasının (Astanada yerləşir) rolu yüksək qiymətləndirilib. Həmçinin ortaq televiziya kanalı (Beynəlxalq Türk Xəbər Kanalı) yaradılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Xatırladaq ki, ortaq telekanal barədə sənəd avqustun 18-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşündə imzalanıb.
Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev türkdilli ölkələrin əməkdaşlığının təməlində ortaq tariximizin və mədəniyyətimizin dayandığını deyib. Dövlət başçısı bu baxımdan TÜRKSOY-un fəaliyyətini xüsusi qeyd edib. Eyni zamanda bu sahədə yeni təsis olunan qurumların - Beynəlxalq Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, sammitdə digər sənədlərlə yanaşı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi ilə bağlı sənəd də imzalanıb. Bu vəzifəyə Günay Əfəndiyeva təyin edilib. Fond Bakıda yerləşəcək.
Sentyabrın 10-da bu məsələ TDƏŞ-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Günay Əfəndiyeva görüşdə çıxış edərək deyib ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması türk dünyası üçün böyük bir töhfə olacaq. Fondun məqsədi türkdilli ölkələrin mədəniyyətini, irsini araşdırmaq, qorumaq, təbliğ və təşviq etmək, gələcək nəsillərə ötürməkdən ibarətdir.
Qeyd olunub ki, türkdilli ölkələrin xalqları eyni kökdən su içən ağacın budaqlarıdır. Xalqlarımızın əsrlərə dayanan zəngin tarixi, dini, dili, adət-ənənələri və mənəvi dəyərləri var.
Qurumun gələcək fəaliyyətindən
danışan G.Əfəndiyeva deyib: “Fond öz fəaliyyətini
digər türkdilli və beynəlxalq təşkilatların
təcrübəsindən istifadə etməklə, onlarla əməkdaşlıq yolu
ilə həyata keçirəcəkdir. Qədim mədəniyyətimizin
ömrü, bizim ona verdiyimiz dəyər qədərdir.
Türk xalqlarının sahib
olduğu mədəni irsi
yenidən ona qazandırmaq bizim
ən böyük hədəfimizdir”.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S.. 10.