Azərbaycan və Rusiyanın muzey nümayəndələri virtual müzakirə aparıblar

 

Sentyabrın 16-da Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) təşkilatçılığı ilə Azərbaycanın və Rusiyanın aparıcı muzeylərinin nümayəndələri telekörpüdə iştirak ediblər.

Virtual müzakirələrə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, sənətşünaslıq doktoru Toğrul Əfəndiyev və “Dövlət Tretyakov Qalereyası” Ümumrusiya Muzeylər Birliyinin baş direktoru Zelfira Trequlova qatılıblar.

Muzeylərin fəaliyyət planlarından söz açan iştirakçılar birgə imkanları, o cümlədən Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı rusiyalı rəssamların və Dövlət Tretyakov Qalereyasındakı Azərbaycan fırça ustalarının əsərlərinin sərgisini təşkil etmək barədə fikir mübadiləsi aparıblar.

RİMM-in iki ölkə muzeyləri arasında əlaqələrin yaradılması istiqamətində təşəbbüslərinin davamı olaraq sentyabrın 28-də Mərdəkan qəsəbəsində Sergey Yeseninin ev-muzeyininRyazan vilayətinin Konstantinovo kəndində Yesenin Dövlət Muzey-Qoruğunun əməkdaşlarının iştirakı ilə daha bir virtual müzakirə keçiriləcək. Telekörpü böyük rus şairi S.Yeseninin 120 illiyinə həsr olunacaq.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 7.