“Yazıçılarımızı dünyaya tanıdaq”

 

İngilis dilində kitabçalar dəsti təqdim edildi

 

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ikinci günü, sentyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən daha bir təqdimat “XAN” nəşriyyatının “Yazıçılarımızı dünyaya tanıdaq” silsiləsindən kitabçalar dəstinə həsr olunmuşdu.

 

Mərasimdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, I Avropa Oyunları ərəfəsində “Yazıçılarımızı dünyaya tanıdaq” adlı layihə çərçivəsində bu nəşrlər işıq üzü görüb. Layihənin əsas məqsədi ölkəmizə gələn qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır. Qeyd etdi ki, layihənin hazırlanmasında “Hədəf Nəşrləri”nin mütəxəssisləri də yaxından iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin müdiri Vaqif Bəhmənli layihənin Azərbaycan ədəbiyyatının təbliği baxımından uğurlu olduğunu, 20 kitabçadanbir ümumi kitabdan ibarət dəstin yüksək zövqlə dizayn edildiyini bildirdi. Kitabda Azərbaycan ədiblərinin həyat və yaradıcılığı haqqında məlumat, əsərlərindən nümunələr verilib.

Tənqidçi Əsəd Cahangir kitab dəstinin ərsəyə gəlməsini əlamətdar hadisə kimi qiymətləndirdi. O, əmin olduğunu bildirdi ki, bu nəşrlər vasitəsilə xarici oxucular Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı qazacaq, bu ədəbiyyatı daha da dərindən oxumağa səy göstərəcəklər.

Qeyd edək ki, ingilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Məhəmmədhüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri yer alıb. Layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin tərtibçisi və layihənin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Ön sözün müəllifi AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru Nərgiz Cabbarlı, layihənin dizayneri Teymur Fərzidir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 6.