Musiqi tariximizdə ilklərin müəllifi
Sentyabrın 17-də
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində dahi bəstəkar,
Azərbaycan professional musiqisinin
banisi Üzeyir
Hacıbəylinin 130 illik yubileyi
münasibətilə tədbir keçirildi.
Tədbir Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Bakı Musiqi Akademiyası ilə birgə təşkil olunmuşdu. İştirakçılar əvvəlcə muzeyin materialları əsasında tərtib edilmiş “Üzeyir Hacıbəyli - 130” fotosərgisi ilə tanış oldular.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi rəhbərinin müavini Aleksey Konnov giriş sözü söyləyərək iştirakçıları salamladılar.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Üzeyir Hacıbəyli yaradıcılığı Azərbaycanın milli sərvətidir” mövzusunda çıxış etdi, dahi bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi töhfələrdən, əvəzsiz xidmətlərindən geniş danışdı.
Bildirdi ki, Ü.Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə müsəlman Şərqində opera sənətinin təməlini qoyub. O həmçinin Azərbaycanda ilk musiqili komediyanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. Böyük bəstəkar opera və operattalarla yanaşı, kütləvi mahnı janrında da öz istedadını nümayiş etdirib. Onun “Döyüşçülər marşı”, “Qara gözlər” mahnılarında milli kolorit öz əksini tapır. İran şairi Firdövsinin anadan olmasının 1000 illiyi münasibətilə xor və simfonik orkestr üçün yazdığı kantata ilə Azərbaycanda bu janrın əsasını qoyub. Üzeyir bəy Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında (1931) yaxından iştirak edib. Musiqi üslubunun özünəməxsusluğu, yüksək ideyalılıq və millilik onun yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.
Muzeyin arxiv materialları əsasında hazırlanan çıxış slayd-şou ilə müşayiət olundu.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərləri Bakı Musiqi Akademiyasının, G.Şaroyev adına 35 saylı, Ə.Bakıxanov adına 6 saylı musiqi məktəbinin müəllim və tələbələrinin ifasında səsləndirildi. Konsert proqramı alqışlarla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 4.