Paytaxtımızda
kitab bayramı
Bakı dördüncü dəfə beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir
Son illər mötəbər beynəlxalq mədəniyyət
tədbirlərinə ev sahibliyi
edən Azərbaycan paytaxtı bu dəfə
müxtəlif ölkələrdən nəşr və kitab ticarəti təşkilatlarını, yerli nəşriyyat-poliqrafiya müəssisələrini,
kitabxana, elm, tədris
qurumlarını, müəllifləri - kitaba
bağlı olan və kitabı sevən insanları bir araya gətirib.
Sentyabrın 16-da Bakı İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı oldu.
Əvvəlcə sərgi-yarmarkanın iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sərgi-yarmarkanın açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin müavinləri, millət vəkilləri və yaradıcı ittifaqların rəhbərləri, elm və mədəniyyət xadimləri, tanınmış yazıçı və şairlər, ədəbiyyat və mətbuat nümayəndələri iştirak edirdi. 30-dək xarici, 100-dək yerli nəşriyyat və poliqrafiya müəssisəsinin, kitabxana və kitab sahəsi üzrə mütəxəssislərin iştirak etdiyi tədbir əsl bayramı xatırladırdı.
Tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq kitab bayramı münasibətilə hər kəsi təbrik etdi. Builki sərgiyə böyük marağın olduğunu və iştirakçıların say sırasının genişləndiyini bildirdi, bunu kitaba, mütaliəyə həvəsin artması, nəşriyyat-poliqrafiya sistemində, kitab istehsalında canlanmanın göstəricisi kimi qiymətləndirdi.
Son illər Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdıran nazir belə addımların beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını, bununla ölkəmizə marağın daha da artdığını dedi. Qeyd olundu ki, sərgi-yarmarka çərçivəsində poliqrafiya müəssisələri öz məhsullarını nümayiş etdirəcək, kitab təqdimatları, dəyirmi masalar, müzakirələr aparılacaq. Bununla da kitab istehsalçıları ilə oxucuların birbaşa ünsiyyəti mümkün olacaq və gələcəkdə daha geniş əlaqələrə zəmin yaradacaq.
Əbülfəs Qarayev bildirdi ki, son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamına uyğun olaraq reallaşdırılır.
Ötən il ölkəmiz 15-dək beynəlxalq kitab sərgisində iştirak edib, zəngin nəşr nümunələrimiz ziyarətçilərin marağına səbəb olub. Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunan kitablar, kataloq və digər çap məhsulları da ölkəmizin beynəlxalq tədbirlərdə tanıtım və təqdimatında müstəsna əhəmiyyətə malikdir. Çap məhsullarımız ən məşhur beynəlxalq kitab sərgi-yarmarkalarında yüksək mükafatlara layiq görülüb.
“Ölkəmizdə kitab istehsalçısı ilə alıcı arasında düzgün rabitə qurulub”
Nazir son illər kitaba marağın, mütaliəyə meylin artığını və istehsal olunan kitabların da öz oxucusu ilə görüşdüyünü, kitab istehsalçısı ilə alıcı arasında doğru-düzgün rabitənin qurulduğunu qeyd etdi.
Vurğulandı ki, dövlətimiz tərəfindən nəşriyyat-poliqrafiya sahəsinə xüsusi diqqət göstərilir. Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.
Müasir texnologiyaların ənənəvi kitaba marağı azaltmadığını deyən Əbülfəs Qarayev kitabın hər zaman yaşayacağını və insanın ən yaxın dostu funksiyasını itirməyəcəyinə əminliyini ifadə etdi.
Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi, qonaqlar nəşriyyat-poliqrafiya müəssisələrinin, elmi təşkilatların, mədəniyyət qurumlarının stendləri qarşısında dayanaraq onların çap məhsulları ilə yaxından tanış oldular, fəaliyyətləri ilə maraqlandılar, iş prosesi, maraqlı, qeyri-adi tərtibatlı kitabların hazırlanma texnologiyası barədə mütəxəssislərdən məlumat aldılar.
İştirakçılar Mədəniyyət və Turizm Nazirliyinin stendinə də baxdılar. Burada nazirliyin son illər geniş vüsət alan çap nümunələrinə, mətbu orqanlarının xüsusi saylarına diqqət etdilər.
Heydər Əliyev Fondunun yüksək keyfiyyət və yeni texnologiya ilə istehsal olunmuş çap nümunələri, elmi mərkəzlərin məhsulları, xüsusi profilli nəşrlər, tərcümə və uşaq ədəbiyyatı nümunələri xüsusilə maraq doğurdu.
Sərgi ilə tanışlıqdan sonra təəssüratlarını jurnalistlərlə bölüşən Baş nazirin müavini Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik etdi, Azərbaycanda belə sərgi-yarmarkaların ənənə halını almasını yüksək dəyərləndirdi. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev iştirakçıların yarmarkada sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklərini dedi.
Həmidə
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 3.