54 illik ömürdə -

 

“Uşaqlığın son gecəsi”, “İnsan məskən salır”, “Gün keçdi”...

 

Onun haqqındakı yazılarda, söhbətlərdə, xatirələrdə bir çox məsələ-mətləblə yanaşı, bu da qeyd edilir ki: “Arif Hacı oğlu Babayev 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU-nun) rejissorluq fakültəsini bitirib”. Amma, ona məndən də yaxın olan o insanlardan heç biri bu tərcümeyi-hal faktına əlavə etməyib ki, Arif Babayev “həyat” dediyimiz universiteti şagird və tələbəsi olduğu məktəblərdən daha mükəmməl oxuyub-bitirmişdi...

 

Elə bu qiymətsiz (hər iki mənada) məktəbin ən yaxşı mənimsəyicilərindənmiş də ki, bu Əməkdar incəsənət xadiminin titulo-filmoqrafiyasına “həyati aktyor”, “milli duyğulu kinorejissor”, “fenomenal telerejissor” tərkiblərilə bahəm, “Azərbaycanda “müəllif kinosunun görkəmli nümayəndəsi” faktı da düşüb. Özündə bütün ssenari, quruluş-çəkiliş və digər mizan-düzən aləmini ehtiva edən “müəllif kinosuda ki, bildiyimiz kimi, asan deyil. “Bəs o bu çətin işə necə nail olubkimi ehtimali sorğuları real bir sualla cavablandırıram: Arifin doğulduğu, filmlərindən birinin adına işarətlə desək, uşaqlığının bütün gecə-gündüzünün keçdiyi İçərişəhərin özüo vaxtlar kinokameraların (və əksər çöl şəhərlilərin) çətin müdaxilə etdiyi ayrıca bir təbii-etnoqrafik məkan, öz qədimilik, müdriklik, milli-əxlaqi mühafizəkarlıq, hətta məhəlli “qədeş”lik elementlərilə alayıca bir fenomenal-mentalkinopavilyondeyildimi?..

Bu doğalpavilyonda Babayevlər ailəsindən üç qardaşın - Arif, Vasif və Azərin məxsusi statusları olub. Yaş-başca, seçkin istedad, “məələ uşaqları”nın “tirpaşlıq” kimi də ifadə etdikləri kompleks diribaşlıq baxımından birincinin - Arifin yolu teatrdan başlasa da, televiziyadan keçməklə, kinoda sonuclanıb. Bir vaxtlar AzTV-nin baş rejissoru işləmiş, ad-soyadını tez-tez maraqlı televiziya verilişlərində gördüyümüz, aktual mövzulu telefilm titrlərində izlədiyimiz və günü bu günbaşqa yaradıcılıq məkanlarında işlərini davam etdirən ikinci - Xalq artisti Vasif Babayevondan geri qalmayıb. Azər Babayev isə uzun illər həmin telekanalda “qızılbarmaq montajçı” kimi tanınıb. Onun - hər biri elm və sənətin müxtəlif sahələrində yüksək məqam tutmuş uşaqlıq dostları haqda danışmaq isə, təbii, bu yazılıq deyil.

Bəli, “qardaşlar, məhəlli tay-tuşlar öz yerində” deyibən, ömrünü bütünlüklə tele-kino ekranlara həsr etmiş qəhrəmanımızın həyat və yaradıcılığına dair bu kiçik yazımıza aşağıdakı literatur-“titr” altında davam edək: -

 

Arifin ariflikləri...

 

Öncə vurğulayım ki, “ömrünü bütünlüklə tele-kino ekranlara həsr etmiş qəhrəmanımız” sözlərinə ənənəvi oçerk nəqli kimi baxılmasın. Çünki Arif Babayevin ailə həyatı qurmamasının bir səbəbi də elə bu peşə fədakarlığı - “vizual sənət” adlı “ilk məhəbbət”ilə bağlı olub. Bu məqamda, həyat-məişət rejissuralığını da yaxşı bacarmış bu yaradıcı insanın dost-tanışlarından eşitdiyim bəzi “subaylıq epizodları”nı xatılayıram. Belə ki, o, öz istedad-işgüzarlıq məharətilə, hamıya məlum “tək-tənhalıq” əjdahasına da dov gəlirmiş. Hətta qohum-qardaşa belə əziyyət verməz, “zavtrak-ujin”lərini bahalı kafe-restoranlarda edər, gündə-günaşırı təzə köynək, həftəaşırı bir kostyum, ayaşırı bir ayaqqabı və... bütün bu “vaxtgetdi”lərə baxmayaraq, demək olar, ilaşırı yeni bir film! Çoxusunun da adı öz həyati ladı ilə səsləşən: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”.. Və haqqında, bəzi eyb-ayamalı (simic, pinti, paxıl və s.) həmkarlarından fərqli olaraq, ağır-uğur, məzə-baməzə deyimlər: “Azərbaycan SSR iaşəsinə və yüngül sənayesinə Arif qədər xeyir verən müştəri yoxdur”, “Arifin qəhrəmanları filmdən-filmə yaşca və ağıl-başca böyüyür” və sair...

Arifin ariflikləri” seriyasına bu da əlavə edilməlidir ki, ömürsonu məclislərin birində “kino, ekran mənim uşaqlıq arzum olub, indiki ahıllıq dövrümün arzusudur və sabahımın da arzusu olaraq qalacaqdemiş bu adam sehrli sənət yoluna teatr səhnəsindən başlamağı qərarlaşdırıb. O, peşəkar səhnəyə çox erkən yaşlarında - Bakı Teatr Texnikumunun tələbəsiykən çıxıb. Ünlü aktyorumuz Ağadadaş Qurbanovun o vaxtlar Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi quruluş verdiyi “İbrət” tamaşasında tapşırdığı epizodik rolu Arif bu obrazın bütün sabiq ifaçılarından yaxşı oynayıb. İlk milli-peşəkar teatr rejissorlarımızdan sayılan Ağaəli Dadaşovun hazırladığı “Məlikməmməd” və “Qaraca qız” tamaşalarındakı rolların da öhdəsindən bacarıqla gələn Arif Babayev şifahi ümummütəxəssis rəyilə “gənc peşəkar” nominasiyasında dəyərləndirilir, ona tezliklə böyük, mürəkkəb “baş qəhrəman”lar vəd edilir. Amma hələ qarşıda ali təhsil “baryeri vardı. 1947-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olur, görkəmli rejissoraktyorumuz Mehdi Məmmədovun sinfində təhsil alır. Beləliklə, İçərişəhərin yazılmamış qayda-qanunları altında böyüyən bu gənc böyük sənət aləmini özünün ömürlük yol yoldaşı, dost-doğması, daimi həmdəmi seçir. Təyinat aldığı Naxçıvan teatrında azmüddətli fəaliyyətdən sonra Bakıya qayıdır, bir müddət öncə “böyük, mürəkkəb baş qəhrəmanlar” vəd edilmiş Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə başlayır.

Lakin onun uşaqlıq, ahıllıq və... taledən qismət olmayan qocalıq arzusu -

 

Kino, kino, kino!..

 

Amma necə, hansı tanıtım göstərilərilə? Belə bir “istixarə”də ikən tale onun üzünə gülür. 1956-cı il fevralın 14-də böyük bir hadisə baş verir - Azərbaycan Televiziyası fəaliyyətə başlayır! Bu, çoxları kimi, Arifin də sənət-peşə həyatını müəyyənləşdirmiş olur. Bu gənc istedad teatr-səhnə fəaliyyətini “xitam”layıb, yeni bir yaradıcılıq məkanında addımlamağa başlayır. Televiziya rejissoru kimi çox qolay-naqolay sınaqlarla üzləşsə də, üç ildən sonra onu televiziyanın baş rejissoru təyin edirlər. Bu illər ərzində “Bizim şəhərin uşaqları”, “Respublika haqqında hekayət” kimi bir neçə sənədli film çəkir, Musa Cəlilin “Moabit dəftəri”, Taras ŞevçenkonunKor qadın”, Rəsul Rzanın “Qanun”, Mehdi Hüseynin “Səhər” əsərləri əsasında canlı televiziya tamaşaları hazırlayır. Tezliklə bu istedadlı-işgüzar televizionçunu öz səriştə diapazonunu daha da genişləndirmək məqsədilə Moskvaya ezam edirlər.

bu da kino!..

Arif Babayevin kino aləminə gəlişi sənət yolunun yeni və əsas dövrü kimi qiymətləndirilir.

1964-cü ildə “Azərbaycanfilm” kinostudiyasına dəvət alan Arif Babayev bir-birindən məzmunlu, dəyərli filmlərin rejissoruna çevrilir. O burada bir neçə sənədli ekran işinindoqquz ciddi, yaddaqalan filmin quruluşçu rejissoru olur. Kinodakı xidmətlərinə görə respublika dövlət mükafatı laureatı adını qazanır. Birisi gün - gecəyarısı” filmi ona SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə” mükafatını qazandırır, Sovet İttifaqının kino aləmi tarixinə bu təltifatın ilk azərbaycanlı sahibi kimi düşür.

Arif Babayev istedadı milli kinomuza öz möhürünü vurdu, ona Azərbaycan kinosunun nadir sənətkarları sırasında xüsusi yer qazandırdı, hər filmində öz dəst-xəttini müəyyən etdi, onu bir-birindən maraqlı filmlərində yaşatdı. Bugünün yüksək zövqlü Azərbaycan tamaşaçısı sevdiyi, yüksək qiymətləndirdiyi dünənki ekran işləri sırasında onunİnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər” filmlərini də xatırlayır.

Həmin o qədirbilən tamaşaçılar içərisində 1928-ci il sentyabrın 24-də İçərişəhərdə - Şirvanşahlar sarayı yanındakı Qəsr küçəsində anadan olmuş bu sənətkarın 1983-cü ildə vəfat etdiyini xatırlayanlar da var, yəqin...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 13.