“Şəhriyar şeir ənənələri və müasirlik”
Sentyabrın 21-də AMEA-nın əsas binasında Nizami adına Ədəbiyyat İnstitutu və İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə “Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi konfrans keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə inkişafından, bir neçə gün öncə Təbrizdə keçirilən Şəhriyar festivalından danışıb. Bildirib ki, həmin festivalda iştirak edən Azərbaycan alimləri “Məhəmmədhüseyn Şəhriyar mədəniyyət ordeni”nə layiq görülüblər.
İranın ölkəmizdəki səfiri Möhsün Pakayin Şəhriyarın doğum gününün İranda “Milli şeir və ədəbiyyat günü” kimi qeyd olunduğunu deyib. Bildirib ki, görkəmli şair Azərbaycan və İranla yanaşı, bir çox ölkələrdə yaxşı tanınır. Diplomat həmçinin M.Şəhriyarın məzarını ziyarət üçün ayrıca turların təşkil edilməsinin zəruriliyini diqqətə çatdırıb.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli şairin türk, ərəb, fars, fransız dillərini səlis bildiyini, “Koroğlu” və “Dədə Qorqud” kimi dastanlarımıza dərindən bələd olduğunu vurğulayıb. Filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı Şəhriyarı xalqın ruhunu təkbaşına təmsil etmək gücündə olan böyük şair kimi dəyərləndirib. İran səfirliyi Mədəniyyət mərkəzinin sədri İbrahim İbrahimi bildirib ki, bu günlər İranda Şəhriyarla bağlı iki konqres və festival keçirilib. Şəhriyar İranda tək şairdir ki, ona “ustad” deyilir.
Akademik Vasim Məmmədəliyev, filologiya üzrə elmlər doktoru Mehdi Kazımov, tarix üzrə elmlər doktoru, şair Şahin Fazil Şəhriyarın bənzərsiz, yaşarı poeziyasından, xəlqi dilindən, fəlsəfi düşüncələrindən söz açıblar.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 13.