“Gələcəkdə
əməkdaşlığımızı davam
etdirmək niyyətindəyik”
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qonaqlarının təəssürat və rəyləri
16-18
sentyabrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən IV Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasında müxtəlif ölkələri təmsil
edən naşirlər, kitab ticarəti, tədris
proqramları üzrə mütəxəssislər
qatılmışdı. Tədbirin sonuncu
günü qonaqların təəssüratlarını
öyrəndik.
Qalina Bezikoviç, “Yaşıl dalğa” beynəlxalq sərgisinin təmsilçisi (Ukrayna):
- Ukraynada “Beynəlxalq Yaşıl Dalğa” kitab sərgisi artıq 20 ildir ki, keçirilir. Bu tədbiri hər il bizim də, sizin də sevimliniz olan məşhur yazıçı-satirik Mixail Jvanetski açır. Hər gün bu sərgiyə 5-7 min ziyarətçi baş çəkir. Biz sərgiyə gələn hər bir insana görə çox şad oluruq və onların hər biri bizim sərgidən mütləq kitabla ayrılırlar. Bu sərgiyə gəlincə, ümumiyyətlə, Bakıya ilk dəfədir ki, gəlirəm. Son üç gündə imkan tapıb şəhərin görməli yerlərinə də baş çəkdik. Bakı çox gözəldir. İnsanlar isə o qədər mehriban və qonaqpərvərdirlər ki. Sərgidə təşkilatçılıq çox yüksək səviyyədədir. Hər an diqqət hiss edirik. Bu sərgidə iştirakımıza görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə çox minnətdarıq. Bakını ən xoş təəssüratla tərk edəcəyik.
Natalya Nizmova, “Moskva kitab evi”nin kommersiya direktoru (Rusiya):
- İlk dəfədir ki, Bakıda keçirilən kitab sərgisinə qatılıram. Təqdirəlayiq haldır ki, burada yerli nəşrlərlə yanaşı xarici nəşrlərin nümayişinə geniş yer verilir. Müxtəlif ölkələrdən nəşriyyatlar öz kitablarını burada sərgiləyirlər. Bir sıra görüşlərimiz olub, bəzi nəşriyyatlarla mübadilə və əməkdaşlıq edəcəyimizi düşünürük. Mən bir çox beynəlxalq kitab sərgilərində iştirak etmişəm. Hər sərginin özünəməxsus formatı olur. Bu sərgidə isə biz həm də Şərq qonaqpərvərliyi ilə rastlaşdıq. İnsanlar istiqanlıdır. Dil baxımdan isə heç bir problemimiz yoxdur. Belə gözəl hisslər heç vaxt unudulmur. Sərgi-yarmarkada iştirakdan çox məmnun qaldım.
Reheb Hida, Albaniyanın “Fannali” nəşriyyatının direktoru:
- Dünyanın çox yerində - Almaniya, Fransa, Çin, ABŞ və digər ölkələrdə sərgilərdə iştirak etmişəm. Azərbaycanda keçirilən bu sərgi-yarmarka məndə böyük təəssürat oyatdı. Gözəl təşkilatçılıq vardı. Bu yaxınlarda Azərbaycan şairi Çingiz Əlioğlunun kitabı alban dilinə tərcümə olundu. Fikrimcə, bu istiqamətdə əməkdaşlığı davam etdirmək lazımdır. Artıq bir neçə yerli nəşriyyatla fikir mübadiləsi aparmışıq. Gələcəkdə qarşılıqlı tərcümələrə yer vermək niyyətindəyik.
Məmduh Bədəvi, Qahirə Beynəlxalq Kitab Sərgisinin rəhbəri (Misir):
- Bakıda keçirilən kitab sərgi-yarmarkasında Misir nümayəndə heyətinə rəhbərlik edirəm. Burada Misirin tarixi, ədəbiyyatı ilə bağlı çox sayda kitablar sərgilənir. İnsanlar bu kitabları maraqla qarşılayır. Azərbaycan artıq dördüncü dəfədir ki, belə bir sərgi keçirir. Deməli, Şərq sivilizasiyasının məkanlarından biri olan ölkənizdə elmə, mədəniyyətə, intellektə yüksək dəyər verilir. Bakıda ilk dəfə olmağıma baxmayaraq, insanlardan özümə münasibətdə bir doğmalıq hiss edirəm. Bu xalq həm də öz ənənəsinə sadiq qalıb qonaqpərvərlik elementlərini yaşadır. Biz gələcəkdə də əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvətə görə minnətdarlığımızı bildiririk.
Assad Joze Jater Pena, Kolumbiyanın Azərbaycandakı
səfiri:
- Mən ölkəmin Azərbaycanda ilk səfiriyəm
və bu sərgi də bizə belə bir imkan verdi ki, uzaq Latın Amerikası ölkəsi olan Kolumbiyanı təbliğ edək. Stendimizdə
Kolumbiyanın tarixi, ədəbiyyatı, mədəniyyəti,
turizmindən bəhs edən kitablar yer alıb. Turistlərin
marağına səbəb
olan ənənəvi
Kolumbiya qəhvəsi,
onun növləri, hazırlanma üsulu da ziyarətçilərin
marağına səbəb
olur. İnsanlar bizə yaxınlaşır,
ölkəmizlə bağlı
suallar verirlər və biz də məmnuniyyətlə onları
cavablandırmağa çalışırıq.
Sevinirəm ki, sərgidə
Kolumbiya haqqında insanlara geniş məlumat verə bildik. Ümid edirəm ki,
növbəti sərgi-yarmarkada
Kolumbiya nəşriyyatları
ilə daha geniş heyətlə təmsil oluna biləcəyik.
Mehmet Nuri Parmaksız, İLESAM-ın baş direktoru (Türkiyə):
Sərgi-yarmarkada Azərbaycan Yazıçılar
Birliyi tərəfindən
nəşr olunan “Həsrət, eşq və sükut” adlı kitabımı iki gün boyunca
oxucular üçün
imzaladım. Xarici və yerli nəşriyyatları, müəllifləri,
oxucuları bir araya gətirən bu tədbiri yüksək qiymətləndirirəm.
İmza günümdə yeni və köhnə dostlarla görüşmək,
onlar üçün
kitab imzalamaq mənim üçün xoşbəxtlikdir. Yazıçılığın
ən gözəl tərəfi budur: oxucularla görüşüb
əsərlərin haqqında
söhbət etmək.
Qarşıdakı illərdə kitab
sərgisinin genişlənməsi
və böyüməsini
diləyirəm.
Konstantinos Çalkiyas, “MM Publications” şirkətinin satış
meneceri (Yunanıstan):
- Şirkətimizin əsası
1974-cü ildə qoyulub. Bu gün dünyanın onlarla ölkəsində nümayəndəliyimiz var. İngilis
dilində dərsliklər
də nəşr edirik. Ona görə də
biz burada özümüzə
tərəfdaş axtarmağa
çalışırıq. Bizim sərgimiz peşəkar təbəqədən olan
ziyarətçilər üçün
nəzərdə tutulub.
Azərbaycanla kitab biznesi sahəsində əməkdaşlıq
etmək xoşumuza gəlir və bunu davam etdirəcəyik.
Sərgi-yarmarka çox yaxşı
təşkil olunub.
Bakını gəzmək imkanımız
da oldu və
çox xoşuma gəldi.
M.Sultanova
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 10.