Daşkənddəki mətbəx festivalında ölkəmiz mükafata layiq görülüb

 

Özbəkistanın paytaxtı Daşkənddə ənənəvi olaraq keçirilən “Tassano-2015” mətbəx festivalında xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.

Azərbaycan səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi guşədə ölkəmizin milli mətbəx nümunələri - xörəklər, şirniyyatlar, habelə milli suvenirlər, milli kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilib.

İştirakçılar Azərbaycan stendində milli xörəklərimiz olan plov, dolma, kükü, dovğa və müxtəlif qutablara, habelə şəkərbura və paxlavaya qonaq edilib.

Festival çərçivəsində təşkil olunan konsertdə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəqs ansamblı “Uzundərə”, “Yallı” milli rəqslərimizi ifa edib. Qızlarımızın çıxışı böyük maraqla qarşılanıb.

Festivalın sonunda milli mətbəx nümunələrinə münsiflər heyəti tərəfindən baxış keçirilib. Azərbaycan səfirliyi və onun Mədəniyyət Mərkəzi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 6.