Mənəviyyat “Miras”ı...
Əməkdar artist Rahib Əliyevin
yubiley benefisi
Biz həyatımızın
hər anında özümüzdən sonranı
- yetişəcək nəsilləri
düşünür və
yəqin elə buna görə də özümüzü
gələcəyə borclu
hesab edirik. Bunu bacaran, bütün varlığı
ilə özünü
müqəddəs hesab
etdiyi bu amallara kökləyən insan zamanın burulğanlarından çıxmağı
bacararaq yorulmadan irəliyə gedir...
Sentyabrın 20-də Gənc Tamaşaçılar
Teatrında bu mübhəm duyğularla yüklü tamaşa nümayiş olundu. Teatrın yeni
mövsüm premyerasının
bir özəlliyi də onun benefis-tamaşa
olması idi. Səhnə əsəri teatrın aktyoru, bütün yaradıcılıq yolu burada keçmiş, yaşının 70-ində belə
gənclik hərarəti
və sevgisini qoruyub saxlayan Əməkdar artist Rahib Əliyevin yubileyi münasibətilə nümayiş
olundu.
Həmin gecə ömrünün
50 ilini bu səhnədə keçirən
aktyorun pərəstişkarları,
illərdir bu səhnədən onun irili-xırdalı rollarını,
obrazlarından boy verən
sənətkar səmimiyyətini
izləyənlər toplaşmışdı
ətrafına. O, “Miras”ın müəllimi kimi səhnəyə çıxıb
qəhrəmanının peşə
və həyat bilgilərini tamaşaçıya
çatdırırdı.
Teatrın baş rejissoru,
Əməkdar incəsənət
xadimi Bəhram Osmanovun yazıçı-dramaturq
Hüseynbala Mirələmovun
eyniadlı pyesi əsasında səhnələşdirdiyi
əsər bir ailə daxilində müxtəlif əqidəli
insanların fikir ayrılığından, onlar
arasında zamanla dərinləşən uçurum
və onun ağır mənəvi fəsadlarından söz açır. İkihissəli
tragikomediya sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi
və onun silahdaşlarının boş
xülyalarından, bu
gün də həyatda rast gəldiyimiz uğursuz insanların yaşamından
tanış detallarla bəhs edir.
Səhnə əsərinin digər bir qütbündə firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun nəticələrinə
qatlaşan valideynlərin
fədakarlığı əksini
tapıb. Oğluna köməyi yeganə
mənzillərini satmaqda
görən kasıb valideynin fədakarlığı.
Və bununla əslində, hələ heç nə itməyib kimi bir ilğım
da görünür.
Burada evin sahibi yaşlı babanın hissləri - etibarsız övlada görə yuvasını
itirmək istəməməyi,
buna görə ailənin digər üzvlərinin ona münasibətindəki ögeylik
də var. Gəlinin oğluna görə hiyləyə əl atıb qayınatanı evsiz qoymaq, onun
qalan ömrünü
qocalar evində tənhalıqla keçirmək
kimi çirkin məqsədi müxtəlif
ştrixlərdə qabardılır.
Tamaşanın dinamikasını saxlamaq istəyən rejissor bu keçidlərdə izləyiciyə dərs verməkdən çox ona əslində yanlışın düzəlmə
mümkünlüyünü göstərir.
Beləcə bu qarışıq hadisələr fonunda ailədaxili münasibətlərdəki
aşınma, illərin
sirlərinin açılması
sonda Amerikadakı gəncin qayıdışı
ilə yekunlaşır. Bununla da əsas mesaj
verilir: sən istəməsən də,
reallıqlarla yaşamağa
və yaşadıqlarınla
özünü isbata
məcbursan.
Tamaşanın rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı
İradə Muradovadır.
Əsas
obrazları əməkdar
artistlər Rahib Əliyev, Şəfəq
Əliyeva, Nəsibə
Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi
Hüseynov, aktyorlar Elşən Şirəliyev,
Vüsal Mehrəliyev ifa edirdilər. Qəhrəmanlarının düşdükləri vəziyyəti tamaşaçılara
ustalıqla çatdıran
aktyorların ifası
alqışlarla qarşılandı.
Tamaşadan sonra teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov,
teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Əməkdar artist Lətifə
Əliyeva, aktyorlar Sona Babayeva və
Elnur Kərimov səhnəyə çıxaraq
benefisin qəhrəmanını
- Rahib Əliyevi anadan olmasının 70, səhnə fəaliyyətinin
50 illiyi münasibətilə
təbrik etdilər, ünvanına xoş sözlər dedilər.
Mübariz Həmidov yubilyara
ASSİTEJ - Azərbaycan Milli
Mərkəzinin diplomunu
təqdim edərək
ona yeni sənət uğurları
arzuladı.
Sonda Rahib Əliyev çıxış edərək
göstərilən diqqət
və qayğıya görə öz dərin təşəkkürünü
bildirdi, səhnədə
olmağın, hansı
obrazda oynamaqdan asılı olmayaraq, tamaşaçı ilə
üz-üzə dayanmağın
onun üçün hər zaman böyük səadət olduğunu dedi.
Beləcə tamaşaçı alqışı
və gül-çiçək
dəstələri ilə
aktyor qrim otağına, yeni obrazların hazırlığına
yola salındı.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 6.