Dünya korifeylərinin ön sırasında

 

Üzeyir Hacıbəylinin ev-muzeyində xatirə mərasimi keçirildi

 

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın doğum günü və 130 illik yubileyi münasibətilə xatirə tədbiri keçirildi.

 

Tədbiri ev-muzeyin direktoru, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq müsəlman Şərqində operaoperetta janrının əsasını qoyan Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açdı. Qeyd etdi ki, dahi bəstəkar zəngin yaradıcılıq irsi ilə doğma xalqına və ölkəsinə böyük şöhrət gətirib. Üzeyir bəy haqqında bədii və sənədli filmlər çəkilib. Yalnız Azərbaycanda, keçmiş Sovet İttifaqında deyil, xarici ölkələrdə də əsərləri haqqında yüzlərlə məqalə dərc olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək Üzeyir bəyin irsinin təkcə Azərbaycanın deyil, bütün dünyanın nadir incisi olduğunu bildirdi, onun bənzərsiz yaradıcılığını Azərbaycan xalqının milli mənəvi sərvəti adlandırdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla hər il 18 sentyabr Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi qeyd olunur: “Dahi bəstəkar görünməmiş fədakarlığı, vətənpərvərliyi, fəal ictimai-siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir”.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova qeyd etdi ki, musiqi tariximizdə Üzeyir Hacıbəyli qədər hələ öz zamanında geniş şöhrət qazanansonralar da adı və xatirəsi daim əziz tutulan ikinci şəxsiyyət təsəvvür etmək çətindir. İstər xalq, istərsə də hökumət tərəfindən Üzeyir bəyin xidmətləri layiqincə qiymətləndirilib, ən yüksək təltiflərə layiq görülüb. Ancaq bütün bunlarla bərabər, Üzeyir Hacıbəylinin şöhrət və məhəbbət dolu ömür yolu heçgöründüyü kimi sabit və təlatümsüz keçməyib. Bəstəkar yaradıcılığı dövründə bir çox təzyiqlərə məruz qalıb, illərlə basqı şəraitində yaşayıb.

Professorlar Zemfira Qafarova, Telman Əliyev, Əflatun Nemətzadə və digər çıxış edənlər bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi töhfələrdən, əvəzsiz xidmətlərindən danışdılar.

Çıxışlardan sonra Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbinin, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, tanınmış müğənni Yaqub Zurufçu və başqalarının ifasında dahi sənətkarın əsərləri səsləndirildi.

Mərasim iştirakçıları muzeyin arxiv materialları əsasında təqdim olunan sərgiyə də baxdılar.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 5.