Bəstəkarlar
İttifaqında elmi konfrans
Sentyabrın 22-də
Azərbaycan Bəstəkarlar İttifaqında VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində
sənətkarın 130 illiyinə həsr olunmuş
elmi konfrans keçirildi.
Konfransı ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq dahi bəstəkarın 130 illiyinin Bakıda və bölgələrdə, eləcə də ölkəmizdən kənarda, o cümlədən ABŞ-da qeyd olunduğunu diqqətə çatdırdı. Bildirildi ki, ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində 18 sentyabr “Üzeyir Hacıbəyli Günü” kimi elan olunub. Konqresmen Paul Qosar 17 sentyabrda bu münasibətlə çıxış edib. O, ölməz bəstəkarın Azərbaycanda və müsəlman Şərqində klassik musiqi sənətinin formalaşmasında rolundan bəhs edib.
F.Əlizadə bildirdi ki, bu gün görkəmli sənətkarın əsərləri müxtəlif dillərdə səsləndirilir. Bu hər birimizi sevindirir. Bugünlərdə AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın Üzeyir Hacıbəyli ilə bağlı kitabı Macarıstanda macar dilində işıq üzü görüb. Azərbaycan musiqisini bənzərsiz əsərləri ilə dünyaya tanıdan Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı bu gün hər birimiz üçün örnəkdir.
Konfransda Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzusunda çıxış etdi. Bildirdi ki, Üzeyir bəy ittifaqda milli kadrların irəli çəkilməsinə xüsusi önəm verib. Onun sədrliyi dövründə Bəstəkarlar İttifaqında milli kadrların sayı xeyli artıb.
AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova “Üzeyir Hacıbəyli operalarının ilk tamaşalarında Hüseynqulu Sarabskinin rolu”, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova “Üzeyir Hacıbəyli və muğam sənəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə “Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva “Üzeyir Hacıbəyli dünya klassik musiqisinin bəstəkar-reformatorudur” mövzusunda çıxış etdilər.
Tədbirdə AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın macar dilində nəşr olunan "Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri" kitabının təqdimatı da oldu.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 3.