Üzeyir Hacıbəyli irsi
Azərbaycanın milli sərvətidir
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar Qubada musiqi bayramı keçirilib. Uşaq musiqi məktəbinin və rayon Mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə dahi bəstəkarın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı misilsiz xidmətlərindən söz açılıb. Tədbirdə musiqi tədrisi sahəsində səmərəli fəaliyyətinə görə bir qrup müəllim və musiqi məktəbinin istedadlı şagirdləri fəxri fərmanlarla təltif edilib. Daha sonra böyük musiqiçinin əsərləri əsasında bədii kompozisiya təqdim edilib.
* * *
Qazax şəhər 1 və 2 saylı musiqi məktəblərində də Üzeyir Hacıbəylinin 130 illik yubileyi və Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib.
1 saylı musiqi məktəbinin direktoru G.Əliyeva və 2 saylı məktəbin direktoru Ramin Qurbanov Üzeyir irsindən söz açıblar. Vurğulanıb ki, müsəlman Şərqində opera sənətinin əsasını qoyan dahi bəstəkarın doğum günü - 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Tədbirlərin bədii hissəsində musiqi məktəblərinin müəllim və
şagirdlərinin ifasında Üzeyir
Hacıbəylinin və başqa bəstəkarların
əsərləri səsləndirilib.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 15.