“İraq-türkmən mədəniyyətini dünyaya yayırıq”

 

Min illərdir İraqda yaşayan, son illər başları olmazın bəlalar çəkmiş türkmənlər etnik azərbaycanlılardır. Müsahibimiz türkmənlərin ən tanınmış nümayəndələrindən biri, araşdırmaçı-yazar, “Kərkük” qəzetinin qurucusubaş redaktoru Şəmsəddin Küzəçidir.

 

- Şəmsəddin bəy, sizi Azərbaycanın dostu olaraq tanıyırıq. Zəhmət olmasa, özünüz haqqında bilgi verərdiniz.

- Mən Kərkükdə doğulmuşam. Mosul Universitetində təhsil almış, beş il Kərkükdə liseydə müəllimlik etmişəm. Kərkük Televiziyasında, Bağdad Türkmən Radiosunda gənclik və idman proqramları hazırlamışam. Yazılarım Bağdadda türkcə yayımlanan “Yurd” qəzeti, “Qardaşlıq” və “Birlik səsi” dərgilərində dərc olunub.

İraqdakı siyasi səbəblər üzündən 1996-cı ildə Türkiyəyə gəldim. 1999-cu ildə İraq Türkmən Cəbhəsi Türkiyə təmsilçiliyində mətbuat, yayın və informasiya üzrə şöbə müdiri işləmişəm. “Kərkük” qəzetinin Türkiyə təmsilçiliyi və “Türkməneli” TV-də müxbir və xəbər müdiri olaraq çalışmışam. 2007-ci ildə radio, televiziyakino üzrə ali ixtisas təhsili, 2009-cu ildə isə Hollandiyada Haaqa Universitetində fəlsəfə doktoru elmi dərəcəsi aldım. Hazırda Kərkük Kültür Mərkəzində mətbuat və mədəniyyət müşaviriyəm. İraq Qəzetçilər Cəmiyyətinin, İraq, Türkiyə, Azərbaycan, Ərəb və Avrasiya yazarlar birliklərinin üzvüyəm. Bundan başqa, İraq Türkmən Ədəbiyyatçılar Birliyinin beynəlxalq koordinatoru, Kərkük Kültür Dərnəyinin qurucusu, İraq Türkmən Qəzetçilər Cəmiyyətinin qurucu başqanıyam.

- Bilirik ki, türk dünyasına xidmətlərinizə görə bir çox mükafatlar almısınız...

- İraq türklərini Türkiyə və türk dünyasında, beynəlxalq toplantılarda təmsil etmişəm. Bununla bağlı 200-ə yaxın təqdir və təşəkkürnamə, mükafat almışam. 2006-cı ildə İraq, Azərbaycan və Türkiyə ilə bağlı apardığım elmi və ədəbi çalışmalarımla bağlı “Vektor” Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru seçilmişəm. İndiyədək 25 kitabım çap olunub.

- Təsis etdiyiniz “Kərkük” qəzetinin bu yaxınlarda 8 yaşı oldu...

- Qəzetə “Kərkük” adını qoymaqla Kərkükdə türkmənlərin yaşadığını və varlıqlarını qoruduqlarını bütün dünyaya yaymaq istədik. Kərkükün adını yenidən gündəmə gətirərək orada yaşayan türkmənlərin İraq azərbaycanlıları olduqlarını dünyaya duyurduq. 2007-ci ildən qəzetimiz internet üzərindən yayıma başladı, bununla da türkmənlərin səsini bütün dünyaya çatdıra bildik. Bu yolla İraq-türkmən varlığını, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, musiqifolklorunu hər yana yayırıq.

- Neçə illərdir Kərkükdən qanlı xəbərlər eşidirik. Belə ağır durumda necə işləyirsiniz?

- Qəzetimizin İraqın türkmənlər yaşayan bölgələrində müxbirləri var. Bu könüllü dostlarımız olub-bitənləri anında qəzetimizə çatdırırlar. Bəzi xəbərlərin ərəbcə olmasına baxmayaraq türkcəyə çevirib dərc edirik. Saytımızda türkmənlərlə bağlı xəbərləri hər kəsin diqqət mərkəzinə gətiririk.

- Kərkük Kültür Mərkəzinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Kərkük Kültür Mərkəzi 2013-cü ildə Ankarada yaradılıb. Bu mərkəzi bir qrup arxadaşlarımızla türk dünyasına Kərkükü tanıtmaq, Kərkükə isə türk dünyasını anlatmaq, qarşılıqlı münasibət yaratmaq məqsədilə qurduq. İstəyimiz sıx əlaqələrin yaradılması, mədəniyyətlərimizi, varlıqlarımızı qarşılıqlı tanıtmaqdır. Başlıca məqsədimiz türk, türkmən, Kərkük, Azərbaycanın da içərisində olması şərtilə türk dünyasının Türkiyə ilə əlaqələrini daha da möhkəmlətməkdir.

- Qarşıda hansı işləriniz var?

- Oktyabrın 5-8-də Kərkük Kültür Mərkəzi tərəfindən Ankarada, Türkiyə Milli Kitabxanasında “Türkməneli Kültür Günləri” düzənlənəcək. Toplantıya Türkmənelidən, Türkiyə, Avropa və Azərbaycandan 80 nəfər dəvət olunub. İraq türkmənlərinin təhsili, mədəniyyəti, sənəti və mətbuatı müzakirə olunacaq. Xəttatlıq sərgisi, şeir, teatrmusiqi mərasimləri də keçiriləcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 11.