Qədim Şabran şəhərsalma tarixinin
nadir nümunələrindəndir
Xalqımızın
qədim tarixinə işıq salan abidələrimizin
tədqiq olunması, tarixi-mədəni irsimizin
beynəlxalq miqyasda təbliği istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə
ölkəmizin müxtəlif bölgələrində
uzunmüddətli arxeoloji qazıntılar
aparılır, bu ekspedisiyalara
dövlət tərəfindən böyük
vəsait ayrılır. Əldə olunan
nəticələr həm elmi nöqteyi-nəzərdən,
həm də bu yerlərə turist cəlb etmək baxımından əhəmiyyətlidir.
Ötən yazımızda Gəncə-Qazax bölgəsinin ən böyük arxeoloji abidələrindən olan Göytəpə qədim yaşayış yerinə səfər təəssüratımızı, orada çalışan mütəxəssislərin fikirlərini oxuculara çatdırmışdıq. Növbəti səfər ünvanımız qədim Şabranın tarixi məkanıdır.
Şabranda qaynar şəhər həyatı IX-XV əsrlərə təsadüf edir
Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm iz qoyan, şəhərsalma tarixinin nadir nümunələrindən olan şəhərlərimizdəndir. Tədqiqatçılar yazılı mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntılara əsasən buranın hələ eramızın əvvəllərində yaşayış məskəni olduğu qənaətinə gəliblər.
Şəhərin yaranması, Şabran sözünün etimologiyası ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Əsas versiyalardan biri şəhərin adının burada yaşamış tayfaların adından götürülməsi ilə bağlıdır. Ehtimal olunur ki, qədim dövr tarixçisi Ptolomeyin əsərində göstərilən şapotren tayfalarının adı dəyişikliyə uğrayaraq tədricən “Şabran” şəklinə düşüb. Bəzi müəlliflər bu məfhumun fars dilində “şəb” qaranlıq, “ran” isə məkan mənası verdiyini bildirir, digər tədqiqatçılar isə 1124-cü ilə aid gürcü xronikasında bu ifadənin Şaburan kimi işlənməsini qeyd edirlər. Şabran şəhərinin salınması Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə bağlansa da, bu ərazinin əsas sakinlərinin qədim türk tayfaları - sabirlər olduğu güman edilir. Belə ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan, şavaran - bunlar hamısı forma dəyişikliyinə düşərək “Şabran” şəklini alıb.
Şabranda qaynar şəhər həyatı əsasən IX-XV əsrlərə təsadüf edib. Tarixən böyük savaşların meydanına çevrilən şəhər XIII əsrin ortalarında monqolların hücumu nəticəsində ciddi dağıntılara məruz qalır. XIII əsrdən etibarən Şabran tənəzzülə uğrayır və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxıb. Bu xarabalıqları arasında tariximizin bir çox sirli qatları, öyrənilməmiş səhifələri, əfsanə və rəvayətlərlə dolu olayları qalıb. XVII əsr məşhur türk səyyahı və tarixçisi Övliya Çələbinin verdiyi məlumata görə, Şabranda yetmiş məhəllə və hər məhəllənin öz məscidi olub. Bu da şəhərin bir vaxtlar gur həyatından xəbər verir. Çələbinin yazdığına görə, gözəl havası və saf suyu ilə Şabran Təbrizdən sonra ikinci şəhər hesab olunurdu.
Qədim Şabran şəhərinin
qalıqları Şahnəzərli kəndi
yaxınlığında yerləşir. Tarixçi
Əsədulla Hüseynovun sözlərinə
görə, bu kəndin tarixi
min illərlə ölçülür.
Burada 1979-cu ildə başlayaraq
0,9 hektar sahədə (beş
yerdə) qazıntı işləri aparılıb.
Qazıntılar nəticəsində altı metr
zəngin arxeoloji təbəqə
yaranıb. Arxeoloqlar dörd
tikinti dövrü aşkara çıxarıblar. Azərbaycanda IX əsrə aid ilk kanalizasiya
sistemi məhz Şabranda aşkar olunub. Su kəmərlərinin
qalıqları, orta əsr Azərbaycan şəhərlərində ilk küçələr də
Şabranda aşkara çıxarılıb.
Tarixçinin fikrincə, şəhərdə
yaşayış eramızın
V-VI əsrlərindən mövcud
olub. Həmin vaxt burada
15-20 min nəfər əhali
yaşayıb. İpək
Yolunun üzərində
yerləşən Şabran
şəhəri tarix
boyu üç dəfə dağıntıya
məruz qalıb:
"Qədim Şabranda
tapılan maddi-mədəniyyət
nümunələri burada
tarixən müsəlmanlarla
yanaşı, xristian və yəhudilərin də yaşadığını
deməyə əsas verir. Şabran Azərbaycanın ən qədim tolerantlıq məkanlarından
biri olub. Həmçinin yüksək səviyyəli
şəhərsalma mədəniyyəti
ilə tanınıb.
Həmin
dövrdə tikinti materialı kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində
istehsal edilirdi".
1935-ci ildən başlayan tədqiqatlar hələ də davam edir
Şabran xarabalıqlarında arxeoloji
kəşfiyyat işləri
ilk dəfə 1935-ci ildə
professor E.A.Poxomovun rəhbərliyi
ilə başlanıb. Qısa fasilədən
sonra 1939-cu ildə qazıntılar yenidən
davam etdirilib. Tədqiqatçılar bir
də aradan 40 il keçəndən
sonra görkəmli arxeoloq C.Xəlilovun rəhbərliyi ilə Şabrana qayıdıblar.
1980-1998-ci illərdə isə
Qazıməmməd-Mozdok qaz
kəməri xəttinin
çəkilişi ilə
bağlı Azərbaycan
EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsinin daimi fəaliyyət göstərən ekspedisiyası
tarix elmləri doktoru, professor R.Göyüşovun
rəhbərliyi altında
Şabranda geniş miqyasda arxeoloji qazıntı işlərini
davam etdirərək bu qədim şəhəri
daha ətraflı tədqiq ediblər.
Tarix elmləri
namizədi F.Abbasovanın
başçılığı ilə 2002-ci ildə Şabranda yenidən tədqiqat işlərinə
başlanıb. Arxeoloji tədqiqatların ilk dövrlərində şəhərin
ərazisi təxminən
40 hektar hesab olunurdu. Son tədqiqatlar
nəticəsində isə
Şabran çayının
hər iki sahilində binə-bölgə
bağlamış bu qədim yurd yerinin 110 hektardan çox ərazini əhatə etdiyi müəyyənləşib.
Arxeoloqlar Şabran şəhərinin
IV əsrdə, özündən
əvvəlki möhtəşəm
yaşayış yeri
zəminində meydana
gəldiyini söyləyirlər. Aparılan arxeoloji
qazıntı işlərinə
əsasən tədqiqatçılar
üç tikinti dövrünü aşkara
çıxarıblar. III əsrdən başlayan
birinci dövr VIII əsrədək davam edir. İkinci dövr XI-XIII, axırıncı
dövr isə
XIV-XVIII əsrləri əhatə
edir.
Qazıntılar zamanı çoxsaylı
maddi-mədəniyyət nümunələri
tapılıb
Arxeoloji tədqiqatlar burada mədəni təbəqənin
qalınlığının ayrı-ayrı sahələrdə
müxtəlif olduğunu
göstərir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Qoşqar Qoşqarlının sözlərinə
görə, qazıntılar
Şabran şəhərinin
bir vaxt Azərbaycanın inkişaf
etmiş iqtisadi, siyasi və mədəni mərkəzlərindən
biri olduğunu sübut edir. Yüksək
şəhər mədəniyyətinə
məxsus olan Şabranda sənətkarlığın
müxtəlif sahələri
- dulusçuluq, dəmirçilik,
misgərlik, zərgərlik,
dabbağlıq, inşaat,
hərb sənəti yüksək inkişaf edib. Əlverişli təbii-coğrafi mövqedə
yerləşməsi burada
xalq təsərrüfatının
geniş sahələrinin
inkişafına şərait
yaratmışdı: "Bunu
tədqiqatlar zamanı
əldə edilən maddi-mədəniyyət nümunələri
də sübut edir. Arxeoloji qazıntılar zamanı Şabranda xüsusi formalı təsərrüfat
quyuları, dənəzənlər,
üzüm şirəsi
sıxmaq üçün
daşlar, kirkirələr,
vəl hissələri,
oraq, çin, dəhrə və s. təsərrüfat alətləri,
çörək bişirmək,
meyvə qurutmaq və evləri qızdırmaq üçün
ayrı-ayrı təndirlər
aşkar olunub. Bunlar Şabranda taxılçılığın,
çəltikçiliyin, üzümçülüyün
inkişaf etdiyini göstərir".
Şabranda istehsal edilən kənd təsərrüfatı
məhsulları qonşu
ölkələrə də
ixrac olunurdu. Arxeoloq deyir
ki, Şabran sənətkarlarının fəaliyyəti
də çoxşaxəli
olub. Dulusçular
hazırladıqları qablara
öz möhürlərini
vururmuşlar və bu möhürlərə əsasən tədqiqatçılar
Şabranda 14 məşhur
dulusçuluq emalatxanası
olduğunu ehtimal edirlər: "Şabranın
müxtəlif tarixi dövrlərə aid aşkar
olunub tapılan şirli və şirsiz qabların növləri çox müxtəlifdir. Qazıntılar
zamanı üzə çıxarılan təsərrüfat
küpləri, nehrə,
sərnic, bardaq, kuzə, süddan tipli qablar, küpə,
bərni, dolça, stəkanabənzər əşyalar,
silbic, aftafa, manqal, qazan, çörək təknəsi,
boşqab, xeyrə - bulud, kasa, piyalə,
nəlbəkivari qablar,
duz qabları, şamdan, çıraqlar
və s. dulusçuluq
məmulatları həm
də tariximizin maraqlı maddi-mədəniyyət
nümunələridir".
Şabran dulusçuları məişətdə
işlədilən müxtəlif
təyinatlı əşyalarla
yanaşı, gildən
bəzək əşyaları
da düzəldiblər. Üzüklər, muncuqlar, düymələr
onların hazırladığı
maraqlı əl işləridir. XIV-XVII əsrlərə aid bəzək
əşyaları içərisində
mavi rəngli muncuqlar, o cümlədən
gözmuncuqları, üzüklər
daha çox üstünlük təşkil
edir.
Qədim
şəhər yeri maraqlı turizm obyektidir
Böyük Britaniyanın Kembric Universitetinin əməkdaşı İrina Şinairay və ABŞ-ın Luiziana Tulane Universitetinin professoru Elio Brangaforte uzun müddətdir qədim Şabran şəhər qalıqlarında tədqiqat aparırlar. Hər iki mütəxəssis Şabranın maraqlı tədqiqat obyekti olduğunu deyir.
İrina Şinairayın sözlərinə görə, ilk dəfə 14 il əvvəl burada tədqiqat aparıb. Şəhərin qala divarlarını və şəhər ətrafındakı 6 səddi tədqiq edib, onların bir-biri ilə əlaqəli olduğu qənaətinə gəlib. Elio Brangaforte isə apardığı tədqiqat materiallarına əsasən Şabranın qədim tarixə malik olmasını əminliklə söyləyə biləcəyini deyir. Amerikalı mütəxəssisin fikrincə, həm qədim tarixi, həm aşkar edilən zəngin maddi-mədəniyyət nümunələri, həm də əlverişli coğrafi mövqedə yerləşməsi bu şəhəri gələcəkdə maraqlı turizm nümayiş obyektinə çevirə bilər.
Onu da qeyd edək ki, qədim Şabran şəhərinin qalıqları Bakı-Xaçmaz turizm marşrutunun üzərində yerləşir. Bu marşrutla hərəkət edən turistlər əksər hallarda əraziyə baş çəkir, Azərbaycanın bu 2500 illik tarixə malik qədim şəhəri barədə məlumat alırlar.
Fəxriyyə Abdullayeva
Yazının
hazırlanmasında göstərdiyi dəstəyə görə
"Bakcell" şirkətinə təşəkkür
edirik
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 9.