Beynəlxalq Üzeyir musiqi bayramı başa çatdı
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında yekun vuruldu. Müxtəlif ölkələrdən musiqi kollektivləri, dirijor və solo ifaçıları bir araya gətirən musiqi bayramı 10 gün müddətində sənətsevərlərə rəngarəng proqram təqdim etdi.
Festivalın yekun konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında K.M.Veberin və L.V.Bethovenin məşhur əsərləri səsləndirildi.
Orkestrə Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq edirdi. Tamaşaçılar konsertdə rusiyalı məşhur pianoçu, beynəlxalq müsabiqələr laureatı Andrey Şibkonun da ifasını dinlədilər.
Musiqiçilərin ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla müşayiət olundu.
Beləcə 2009-cu ildə təməli qoyulan və musiqi sənətimizin gözəl ənənələrindən birinə çevrilən Üzeyir Hacıbəyli festivalının daha bir səhifəsi tarixə qovuşdu.
Dahi bəstəkarın 130 illiyinə həsr edilən budəfəki festival iştirakçı ölkələrin coğrafiyası baxımından daha geniş oldu. Musiqi bayramında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak edirdilər. Sentyabrın 18-dən 28-dək davam edən festival müddətində konsert və opera nümayişləri, seminar və ustad dərsləri olmaqla ümumilikdə 30-dan artıq tədbir keçirildi. Ötən əsrin əvvəlində klassik Avropa musiqisi nümunəsini sənət aləmimizə gətirən, milli musiqimizlə cilalayan Üzeyir bəy müsəlman Şərqinə ilk operanı, Qərb və dünya musiqi xəzinəsinə isə muğam operasını bəxş etdi, mədəniyyətlərarası dialoqa incəsənət körpüsü qurdu. Bu gün olduğu kimi, sabah da Azərbaycanın musiqi dühası sərhədsiz sənət dünyasına nur saçaraq hər kəsi öz əbədi işığına toplayacaq...
Həmidə
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 9.