...Bir konsert ki;

 

adı “Bülbülsayağı”, ladı - başdan-başa Şuşa, odu - Azərbaycan, arealı - Turan!..

 

Öz ab-havası, qayə-mayəsi baxımından tamaşaçılarının qəlbini Vətən nəbzilə döyündürən bu həyati-səhhəti mərasimin ünvantarixepiqrizi: Beynəlxalq Muğam Mərkəzi, 24 sentyabr, saat 19.00.

Xronometrajı baxımından, poeziya nümunələrimiz içrə ən yır-yığcamı olan bayatı qədər -1 saat 20 dəqiqə çəkən bu tədbirin məram-məqsəd “epiqraf”ı: musiqi dünyamızın Sultanı Üzeyir bəylə vokal sənətimizin Paşası Bülbülün vəhdəti-sənət Gecəsi...

 

Hələlik - yəni o işıqlı Gecənin mətəsinə çatanadək - qiyabi xiffət-xitablar, 23 illik qəhər-minor duyğular, arzu-ümid dolu major notlar və digər düşüncə-daşıncalar:

- Salam, təbii ki, ağzınadək dolu görəcəyim və sürəkli alqış sədaları nüvəsində sükuti bir Şuşa nisgili də sezəcəyim salon!

- Gün aydın, böyük Mədəniyyət tutumlu Gecə! Hər il sentyabrın 18-dən 28-dək “Milli Musiqi Günü” adı, Üzeyir bəy ehtişamı ilə davam edən növbəti ümumxəlqi Olay!

- Xoş gördük, yəqin ki, əksəriyyəti şuşalı - təbii Qafqaz konservatoriyalı tamaşaçılar!..

...“Başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı” dağlardan endirilən, o müdhiş günədək “Alınmaz” adı daşımış bir Qaladan çıxarılan adamları anlayanlara da salam olsun...

...Uğrunda şəhid olanlarına qəni-qəni rəhmət, əlillərinə şəfa, qazilərinə sayğı ilə bahəm, indiki nazəninlərinin - hələ ki Qırxqız yaylağına gedə, İsa bulağına enə bilməmiş yeni-yeni Azərbaycan marallarının qəlblərindəki yurd həsrətinə görə xəcalət hissi keçirən cavan-comrullarına dərin-dərin minnətdarlıq...

bu da böyük sənət, ulu muğamat məqamımızın baş məkanı - Beynəlxalq Muğam Mərkəzi. Yuxarıda bir az emosional üslubda bəhs etdiyim tədbir - dahi bəstəkar, Azərbaycan professional musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Bülbülsayağı” adlı musiqi layihəsinin təqdimatı.

İlk təəssüratı reportaj janrı və nağıl-dastan təhkiyəsilə ifadə etməli olsaq, deməliyik ki, salonda iynə atsan yerə düşməz, “qu” desən - qulaq tutular. Hə, axı sevgi-sevimli hədəf təkrarsız Üzeyir bəy Hacıbəylinin yubileyi, Əməkdar artist Anar Şuşalının ifa edəcəyi nəğmələr, romanslar bənzərsiz Bülbülün möhürbəndi repertuarından ibarətdir!

Maraqlıdır, başlanışa hələ 5-6 dəqiqə qalsa da, bir az öncə “qu” desən qulaq tutulası salondan sürəkli alqışlar qopur. “Vaxtından əvvəl” çalınan çəpiklər Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimini səhnəyə tələsməyə “məcbur” edir. Siyavuş müəllim Üzeyir Hacıbəylinin 130 illik yubileyilə bağlı keçirilən VII Beynəlxalq Musiqi Festivalının uğurlu gedişatına qısaca toxunduqdan sonra dahi bəstəkarın yaxın dostu, silahdaşı, bir çox əsərlərinin ilk ifaçısı - SSRİ Xalq artisti Bülbülün yaradıcılığı haqqında söhbət açdı. Bu iki azman sənətkarın Azərbaycan mədəniyyətində, musiqisində, teatral aləmində ayrıca və vəhdəti bir epoxa olduğunu qeyd edən natiq bildirdi ki, indi istedadlı gənc vokalçımız Anar Şuşalının ifasında eşidəcəyimiz əsərlər böyük Bülbülün bu gün musiqimizin qızıl fondunda qorunub-saxlanan ölməz irsinə məxsusdur. Bu axşam biz bir daha şahidi olacağıq ki, təkrarsız sənətkarımız Bülbülün peşəkar ifaçılıq məktəbi böyük məhəbbət və peşəkarlıqla davam etdirilir: “Qeyd edim ki, ustad sənətkarın oxuduğu vokal əsərlər, ariyalar, xalq mahnıları bu günbir çox gənc ifaçıların repertuarının bəzəyidir. Onlardan biri gözəl səsi, nəfəsi, əsl vokalist maneraları ilə özünü çoxdan təsdiq etmiş Anar Şuşalıdır və biz məmnuniyyətlə səhnəni gözəl müğənnimizin ixtiyarına veririk”.

Yenidən alqışlar və Əməkdar artist, Prezident təqaüdçüsü Anar Şuşalı “Bülbülsayağı” adlı konsert-ifasına dahi Bülbülün repertuarında həmişəmüstəsna “Sənsiz” romansı ilə başlayır. Gənc müğənni bu romansda dahibani müəllifi öz manera elementləri, ən incə nüansları, orijinal jestlərilə xatırlatmaqla yanaşı, əsərdəki “sənsizlikdən əlavə bir “sənsizlik” - Bülbülsüzlük çalarlı nostaljiyarada bildi. Gənc ifaçının tərpəniş, təbəssüm, bəzən nikbin, hərdən bədbin nəzərləri, mahnılara “mahna” manevrləri təsiri bağışlayan qaş-göz, sir(r)-sifət elementləri də böyük ustadın cari səhnə təcəllası kimi canlanır, şəxsən məni “Bülbülümüz canlı səhnədə də yaşayır” kimi gözəl bir aldanışa atırdı...

Sevgili canan” və “Qaragöz” romanslarını, “Sürməni neyləyirsən?”, Apar məni bəndə vur”, “Qara tellər” və digər xalq mahnılarını da ustalıqla ifa etməklə, bu gənc şuşalı təkrarsız Bülbülümüzün ruhuna, işğaldakı Şuşamızın şəninə, özünün istedadına, qədim mədəniyyətimizin sabahına məhəbbət dolu alqışlar qopdurdu...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 6.