Bakıda Şahdağ Turizm İnformasiya Mərkəzi fəaliyyətə
başladı
Sentyabrın 28-də
Bakı şəhərində fəaliyyətə başlayan Şahdağ Turizm İnformasiya Mərkəzinin
açılış mərasimi keçirildi.
Mərasimdə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev,
nazirliyin əməkdaşları, turizm ictimaiyyətinin nümayəndələri
iştirak edirdi.
Nazir informasiya mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldu. Bildirildi ki, qurumun yaradılmasının əsas məqsədi turistlərə Şahdağ Turizm Mərkəzi haqqında ətraflı məlumatların çatdırılması, bronlaşdırma sisteminin asanlaşdırılması və xidmət keyfiyyətinin daha da yüksəldilməsidir.
Şahdağ Turizm İnformasiya Mərkəzində müştərilərlə iş, satış və marketinq, tədbirlərin təşkili və mətbuatla əlaqələr şöbəsi yaradılıb. Burada hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişi və turpaket xidmətləri təklif olunacaq. Müştərilər mərkəzə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.
Tədbir çərçivəsində www.shahdag.az saytının təqdimatı da keçirildi. Saytda Şahdağ Turizm Mərkəzinin fəaliyyəti, hotellər barədə ətraflı məlumat almaq, veb kameralar vasitəsilə mərkəzi canlı izləmək, virtual tur keçirmək olar. Həmçinin sayt vasitəsilə turistlər bu ilin dekabr ayından etibarən Şahdağ Turizm Mərkəzinin təklif etdiyi bütün xidmətləri online olaraq sifariş verərək, ödəməni həyata keçirə və bronlaşdırma edə biləcəklər.
Jurnalistlərə müsahibə verən Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixində “Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq idarəetmə funksiyaları müəyyənləşdirilir, nizamnamə hazırlanır və ilin sonuna kimi bu işlər tam yekunlaşacaq.
Nazir qeyd etdi ki, ölkəmizdə turizm sənayesinin inkişafına dövlətin böyük qayğısı var. Müvafiq dövlət proqramlarının qəbulu və icrası, “Turizm ili”nin elan olunması və sahənin inkişafı üçün infrastrukturun yaradılması bunun göstəricisidir. Bu işlərin nəticəsi olaraq turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb.
Ölkəmiz dünya turizm sənayesi xəritəsində
özünə layiqli yer
tutub: “Azərbaycanda turizmin
davamlı inkişafı özünü
ölkənin beynəlxalq reytinqlərində də göstərir.
Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan
141 ölkə arasında insan
resursları və əmək bazarı göstəricisinə
görə 36-cı yerdədir. Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında ölkəmizin tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox
mühüm göstəricidir. Azərbaycanda
viza rejimi sadələşdirilib.
Turizm məqsədilə elektron
viza almaq mümkündür. Bu il 36
min nəfər elektron
viza ilə ölkəyə daxil olub”.
Nazir vurğuladı ki, turizm sahəsinin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Bu yaxınlarda
dövlət başçısı
tərəfindən Mədəniyyət
və Turizm Nazirliyinin Əsasnaməsində
dəyişikliklər edilməsi
və nazirlik yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti
ilə bağlı fərmanlar imzalandı. Bu fərmanlarda turizmin
inkişafı ilə
bağlı xüsusi
bir bənd də yer alıb.
Həmin
bəndə əsasən
turizm məkanlarına
qanunsuz müdaxilə
olmaması, onların
fəaliyyətlərinin sərbəst
aparılması, turizmin
inkişafı üçün
lazımi iqtisadi şəraitin yaradılması
ilə bağlı müvafiq tapşırıqlar
verilib. Bundan əlavə, iki
ay müddətində hotellərin
sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması
ilə bağlı tapşırıqlar verilib
və artıq bununla bağlı işlər həyata keçirilməkdədir”.
Əbülfəs Qarayev bu il ölkəyə
gələn və ölkədən gedən
turistlərinin sayında
azalma ilə bağlı fikirlərini də bölüşdü.
Qeyd etdi ki, bu il Azərbaycanda gediş turizmi ötən illə müqayisədə 5-7%, gəlmə
turizmi isə 5-6% azalıb: “Bu tendensiya əsasən ölkəmizə
daha çox turistin gəldiyi Rusiya, Gürcüstan və İranda yaşanan iqtisadi böhranla bağlıdır.
Bu ölkələrdən gələnlərin sayı
azalıb. Amma Avropa
və Körfəz ölkələrindən Azərbaycana
gələn turistlərin
sayı artmaqdadır.
Bu da müsbət
tendensiyadır”.
Sonda nazir Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti
ilə bağlı tövsiyələrini verdi, mərkəzin kollektivinə uğurlar arzuladı.
Qeyd edək ki, Qusar
rayonu ərazisində,
Qafqaz dağlarının
şimal-şərq yamacında,
dəniz səviyyəsindən
2350 metr yüksəklikdə
yerləşən və
ərazisi 2 min hektardan
artıq sahəni əhatə edən Şahdağ Turizm Mərkəzinin tikintisinə
2009-cu ildən başlanılıb.
Mərkəzin ilk mərhələsi
2013-cü ildə istifadəyə
verilib. Kompleksin ərazisində 3, 4 və 5 ulduzlu hotellər, kanat və xizək yolları, idman qurğuları və digər sosial obyektlər fəaliyyət
göstərir.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 5.