Ölkəmiz Tokioda beynəlxalq turizm sərgisində təmsil olunub

 

24-27 sentyabr tarixində Yaponiyanın Tokio şəhərində "JATA 2015" beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə sektorunun müdiri Bəxtiyar Qılıncov, Təbliğat sektorunun müdiri Emil Səfərov və "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sərginin açılışı zamanı Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə milli stendimizi ziyarət edib.

Sərgidə respublikamızın turizm imkanları 45 kvadratmetr sahədə nümayiş olunub. Stendimizə baş çəkən ziyarətçilərə və sərgi iştirakçılarına Azərbaycanın mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında ingilisyapon dillərində 30-dan artıq reklam-çap məhsulları təqdim edilib.

Sərginin ilk günü ölkəmizin turizm sənayesi nümayəndələrinin yaponiyalı həmkarları ilə ikitərəfli görüşləri keçirilib və əməkdaşlığa dair müqavilələr imzalanıb. 25 sentyabr tarixində görüşlər Azərbaycan milli stendində davam etdirilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsasən Yaponiya Azərbaycan üçün gəlmə turizm baxımından prioritet ölkələr qrupuna daxildir. 2007-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətləri "JATA" beynəlxalq turizm sərgisində iştirak edir.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 5.