Hər görüş maraqlı təkliflər,
faydalı təşəbbüslər deməkdir
Mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə nazir mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Əbülfəs Qarayev mərkəzin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Lənkərandan qəbula yazılan vətəndaşlar şəhərdə beynəlxalq çay festivalının təşkili, kənd kitabxana işçiləri üçün informasiya texnologiyaları üzrə treninqlərin keçirilməsi, turizm sahəsində əhalinin informasiya tələbatının ödənilməsi və ölkənin turizm potensialının tanıdılması məqsədilə mobil proqram təminatının hazırlanması, dövlət qeydiyyatına alınmış Dairəvi qalada təmir-bərpa işlərinin aparılması ilə bağlı müraciət ediblər.
Masallı sakinlərinin müraciətləri rayonda muğam kurslarının açılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ixtisaslı kadrların göndərilməsi, Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsində təmsil olunan regionların özfəaliyyət kollektivlərinin yekun konsertinin keçirilməsi, eləcə də rayonun Müyankü kəndindəki XIX əsrə aid hamamın bərpası və Hiskədərə kəndində yeni tikilən Tarix-Diyarşünaslıq Muzeyinin tərtibatına köməklik edilməsi barədə olub.
Astara rayonundan qəbula gələn vətəndaşlar rayon mərkəzində və kəndlərdə “kafe-kitabxana” tipli pilot layihənin həyata keçirilməsi, mədəniyyət sahəsi üzrə işçilərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada təşkili barədə təkliflərini diqqətə çatdırıblar. Həmçinin rayon Mədəniyyət mərkəzinin baletmeysteri, Əməkdar mədəniyyət işçisi Cəbrayıl Əliyevin 70 illik yubileyinin keçirilməsi xahiş edilib.
Cəlilabad sakinlərinin xahiş və müraciətləri rayondakı Xalq teatrının qastrol səfərlərinin təşkili, Dövlət Rəsm Qalereyasının yeni binaya köçürülməsi, bölgədə turizmin inkişafı, Göytəpə şəhərindəki qədim kilsənin təmir-bərpa edilməsi barədə olub.
Yardımlı rayonu ərazisində zəngin tarixi irslə bağlı dövlət qoruğunun yaradılması, rayon mərkəzində kitab mağazalarının təşkili və kitabxanaların lazımi ədəbiyyatla təmin olunması barədə xahişlər edilib. Bundan əlavə, orta məktəblərdə kulturologiya fənninin tədris olunması və mədəniyyətşünaslıq üzrə ibtidai biliklərin öyrədilməsi, uzun müddət mədəniyyət sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi ilə bağlı müraciətlər də səsləndirilib.
Həmçinin Lerik rayonundakı “Uzunömürlülər - Rəfti” xalq kollektivinin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakına köməklik göstərilməsi, regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin qabaqcıl iş təcrübəsinin yayılması barədə xahişlər diqqətə çatdırılıb.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan bu cür görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Lənkəran şəhərindəki qəbulun artıq sayca 30-cu görüş olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü deyib.
Budəfəki görüşdə də aktual mövzularda təkliflərin səsləndiyini vurğulayan nazir xalq teatrlarının vətənpərvərlik mövzusunda respublika festivalının keçirilməsi fikrinin təqdirəlayiq olduğunu və gələn il belə bir festivalın təşkil ediləcəyini deyib. Ölkəmizin turizm imkanlarının təbliği ilə bağlı mobil proqram təminatının hazırlanması və yayılması da faydalı təklifdir və nəzərdən keçiriləcək. Əbülfəs Qarayev vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.
Qəbuldan sonra nazir Lənkəran şəhər Mədəniyyət
mərkəzində, yeni istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində
və Turizm İnformasiya
Mərkəzində olub, bu
qurumların fəaliyyəti ilə bağlı
tapşırıq və tövsiyələrini verib.
Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 4.