Mədəniyyət
və Turizm Nazirliyinin
elan etdiyi aksiya uğurla başa çatıb
Xəbər verildiyi kimi, ölkəmizdə Ümumdünya Turizm Günü və "İrs Günləri"nin qeyd edilməsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 25-27 sentyabrda tarixi-mədəni məkanlarda “açıq qapı” günləri elan olunmuşdu.
Eyni zamanda Qurban bayramı günlərinə təsadüf edən bu aksiyada ölkə vətəndaşları və turistlərə muzey və qoruqlarla yaxından tanış olması üçün şərait yaradılıb.
25-27 sentyabr tarixində ölkənin bır sıra muzey və qoruqları ödənişsiz xidmət göstərib. Bu sıraya Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, ümumdünya irs obyektləri olan "Qobustan" Milli Tarix-Bədii Qoruğu, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" (Bakı, Suraxanı rayonu), "Yuxarı Baş" (Şəki) dövlət tarix-memarlıq qoruqları, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Kiş Tarix-Memarlıq Qoruğu (Şəki) daxil idi.
Adıçəkilən muzey
və qoruqlarda ziyarətçilərə
“İrs Günləri” və Ümumdünya Turizm Gününün əhəmiyyətini təbliğ
edən məlumat xarakterli broşürlər
də paylanılıb.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 3.